Press "Enter" to skip to content

Müstəqil vəkil Yılmaz Mehrəlibəyli etiraz aksiyası keçirib

Yılmaz Mehrəlibəyli

BAYRAQDAR MEDİA – Güney Azərbaycanın Culfa şəhərindən olan vəkil Yılmaz Mehrəlibəyli Təbrizdə etiraz aksiyası keçirib.

O, təkadamlıq aksiyanı 26 fevral Vəkillər Günündə qurumun binası qarşısında keçirib.

Yılmaz Mehrəlibəyli Şərqi Azərbaycan Vəkillər Kollegiyasının müstəqil vəkil fəaliyyətinə müdaxiləsinə, onun vəkillik fəaliyyətinə dair icazənin verilməməsinə etiraz edir.

Y.Mehrəlibəyli kollegiyanın binası qarşısında “Azərbaycan xalqının hüquqlarını müdafiə etdiyim üçün vəkillik fəaliyyətindən məhrum edilmişəm. Vəkillər günü mübarək. Qeyri-müstəqil idarə heyəti getməlidir, kollegiya qalmalıdır” yazılmış plakat qaldırıb.

Etirazçı vəkillərin müstəqil fəaliyyət göstərməsinin vacibliyini bildirib və qeyd edib ki, Şərqi Azərbaycan Vəkillər Kollegiyası hakimiyyətin tapşırığı ilə işlədiyi üçün ədalətdən danışmaq olmaz.

Y.Mehrəlibəyli bundan öncə Şərqi Azərbaycan Vəkillər Kollegiyasının başçısı Həsən Paşazadəyə istinadən bildirmişdi ki, vəkillik fəaliyyəti barədə lisenziyanın verilməməsi adı çəkilən qurumun idarə heyətinin qərarı əsasında olub.

Qeyd edək ki, Yılmaz Mehrəlibəyli tanınmış Güney Azərbaycanlı fəal, keçmiş siyasi məhbus Yürüş Mehrəlibəylinin qardaşıdır.

Şərqi Azərbaycan əyalətinin Culfa şəhərinin Şüca kəndindən olan hər iki qardaş bundan öncə də Güney Azərbaycan türklərinin milli hüquqları uğrunda apardıqları fəaliyyətə görə kəşfiyyat və təhlükəsizlik orqanlarının basqılarına məruz qalıblar.

Xəbərin qaynağı: GünAz.TV

Mission News Theme by Compete Themes.