Press "Enter" to skip to content

“Jurnalistlər üçün təhlükəsizilik təlimi” keçirilib

Təlim zamanı

Son yeniləmə: 27 Fevral 2023 12:05

BAYRAQDAR MEDİA – Avropa Jurnalistlər Federasiyası (EFJ) və onun Azərbaycan üzrə təmsilçisi olan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) təşkilatçılığı ilə Mətbuat Şurasında “Jurnalistlər üçün təhlükəsizilik təlimi” keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya JuHİ-dən daxil olub.

Məlumata əsasən, JuHİ sədri Müşfiq Ələsgərli çıxış edərək təlimin məqsədinin ekstremal vəziyyətlərdə fəaliyyət göstərən Azərbaycan jurnalistlərini təhlükəsizlik qaydaları ilə tanış etmək olduğunu bildirib:“Təlimlər zamanı Azərbaycan jurnalistlərinə riskli bölgələrdə davranış qaydaları, təhlükəsizliyin təmin edilməsi üçün istifadə edilən modern texnologiyalar barədə bilgilər verilib. Müharibə bölgələrində fəaliyyət göstərən jurnalistlərin təhlükəsizliklərinin təmin edilməsi yönündə təqdimatlar xüsusilə maraq doğurub Dron hücumları zamanı öz təhlükəsizliyini qoruya bilmək bacarıqları aşılandı. Jurnalist təhlükəsizliyinin digər istiqamətləri barədə də təqdimatlar edilib”.

Müşfiq Ələsgərli jurnalist təhlükəsizliyi ilə bağlı təlimlərin keçirilməsində ciddi zərurətin olduğunu da deyib:”Yaşadığımız regionda münaqişələr mövcuddur. Qarabağ münaqişəsi fonunda 1990-cı ildən başlayaraq 2021-ci ilə qədər olan müddətdə 11 nəfər Azərbaycan jurnalisti və KİV işçisi cəbhə bölgəsində həyatını itirib. Onlarla jurnalistimiz fiziki xəsarətlər alıb, sağlamlıqlarına ciddi zərər dəyib. Bizim yanaşmamızdan asılı olmayaraq, hər zaman münaqişəyə cəlb olunmaq ehtimalımız vardır. Jurnalistlərimizin təhlükəsizlik qaydaları ilə tanış olmaları risklərdən yayınmaq üçün şərait yaradır. Bu baxımdan, tədbirlərimiz davam edəcək”.

Qeyd edək ki, təlimə 5 nəfəri Respublika yayımlı KİV subyektlərinin Qarabağ regionu üzrə akkreditasiya edilmiş əməkdaşları olmaqla ümumilikdə 15 jurnalist qatılıb.

Həmçinin təlimlər EFJ-nin ekspertləri tərəfindən idarə edilib.

Mission News Theme by Compete Themes.