Press "Enter" to skip to content

İran Azərbaycana qarşı vuruşmuş erməniləri müalicə edəcək

Azər Həsrət

BAYRAQDAR MEDİA – Müsəlman Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etmək üçün iki dəfə müharibəyə cəlb edilib. Daha doğrusu, birinci dəfə Azərbaycan torpaqlarını qorumaq üçün səfərbər olunub. Amma yetərincə resursların olmaması, normal dövlət idarəetməsinin yoxluğu ona gətirib çıxarıb ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib.

Sonra isə 2020-ci ilin 44 günlük Vətən savaşını yaşadıq. Bu savaşda Azərbaycan alnının ağıyla – öz oğullarının canı və qanı bahasına torpaqları uzun müddətli işğaldan azad etməyi bacardı.

Hər iki savaşda Azərbaycan minlərlə şəhid verdi. Təbii ki, minlərlə yaralı da oldu. O yaralıların bir çoxu hələ də ciddi sağlamlıq sıxıntısı içindədir. Əlbəttə, onların ciddi müalicəyə ehtiyacı var. Azərbaycan dövləti də əlindən gələni edir ki, bu igid oğullar müvafiq müalicə alsınlar.

Azərbaycanla həm dil/etnik, həm də din qardaşımız olan Türkiyə də öz əlini daşın altına qoyub. Yəni Qarabağ uğrunda savaşaraq yaralanan igidlərimizin müalicəsi üçün Türkiyə dövləti yetərincə böyük işlər görür. Bunu isə Azərbaycan cəmiyyəti, eləcə də bütün dünya, o cümlədən həm türk, həm islam aləmi görür…

Lakin addımbaşı Azərbaycanı özünün “şiə-müsəlman qardaşı” adlandıran fars-molla rejimi – İran adlı dövlət bir dəfə də olsun Azərbaycan şəhidlərinə ağlamadı, bir nəfər qazinin belə müalicəsinə töhfə vermədi! Biz bunu belə gördük!

Gerçəkləri gördük! Olsun! Amma bu gün – fevralın 27-də eşitdiyimiz xəbər bizi təəccübləndirməsə də hiddətləndirə biləcək keyfiyyətdədir.

Ermənistan mediası xəbər yayıb ki, İranın əmək və sosial təminat naziri Seyid Sultan Mortazavi fevralın 27-də bu ölkədə səfərdə olub. Və bu nazir nə deyibmiş?

İranlı nazir deyib ki, ölkəsi 2020-ci ilin Ermənistan-Azərbaycan savaşında yaralanmış erməni əsgərlərinin müalicəsinə yardım etməyə hazırdır!

Ermənistanla İran arasındakı dostluq əlaqələrinin yüksək olmasından xoşbəxtliyini də deyən nazir bildirib ki, ölkəsi erməni əsgərlərinin bərpa-müalicə işlərində öz təcrübəsini təqdim etməyə, onlara yardımçı olmağa hazırdır!

Bəlkə də buna bənd olmamaq olardı.

Amma!

Amma ki, necə olur, bizə “şiə müsəlman qardaş” deyən İranın heç bir rəsmisi ötən dövr ərzində bir dəfə də olsun yaralanmış Azərbaycan əsgərlərinə də eyni təklifi etmir?

Yəni ən adi məntiqlə İran məhz islam qardaşlığını rəhbər tutaraq “şiə müsəlman qardaşlarına” belə bir təklif etməliydi axı!

Amma etməyib bu şiəlik – məzhəb; islam – din arxasına sığınaraq hər cür haramzadalıq edən fars-molla rejimi! Bu rejim bir nəfər Azərbaycan qazisini müalicə etmək üçün əlini belə tərpətməyib!

Heç yalandan da deməyib din adına utanc olan bu fars-molla rejimi! Ki, Azərbaycanlı qazilərə yardımçı olmaq istərdilər!

İndi sözümüzün canı budur ki, İranın əsl siması növbəti dəfə faş oldu. Kimlərsə bundan sonra da İranı bizə bir müsəlman ölkəsi-dövləti kimi sırıyıb onun təbliğatını aparacaqsa, bilinsin ki, o adamlar da ermənilərlə bir sırada olduqlarını göstərirlər!

Bir müsəlman dövləti başqa bir müsəlman ölkəsinin torpaqlarını işğal edib minlərlə insanını məhv etmiş, 60-dan çox məscidi yerlə yeksan etmiş bir xalqa bu “humanitar” jesti etməməlidir!

Nədirsə, odur!

İran dediyimiz budur! Bizə düşmən mövqedə durub torpağımızı işğal etmiş zalım düşmənə qucaq açan sözdə müsəlman dövləti olan İran!

Mission News Theme by Compete Themes.