Osman Zolan: Birlikdə yolumuza davam etməliyik
BAYRAQDAR MEDİA – Hər il olduğu kimi bu il də qardaş Türkiyənin Denizli şəhərində Xocalı soyqırmının qurbanlarının xatirəsinin anılacağını xəbər vermişdik.
Qeyd edək ki, fevralın 26-da Denizlidəki Azərbaycan Qarabağ Parkında yerləşən Xocalı soyqırımı abidəsi önündə anım mərasimi keçirilib.
Denizli Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən mərasimdə öncə Bələdiyyə başqanı Osman Zolan tərəfindən abidənin önünə əklil qoyulub.
Bu barədə BAYRAQDAR MEDİA-ya Denizli Böyükşəhər Bələdiyyəsinin Basın Yayın ve Halkla İlişkiler Daire Başkanlığından məlumat verilib.
Bildirilib ki, Denizlinin müxtəlif dövlət qurumları və ictimai təşkilatlarının təmsilçiləri, qazilər, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər və məktəblilərin iştirak etdiyi mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Denizli Böyükşəhər Bələdiyyəsinin orkestrinin ifasında hər iki ölkənin dövlət himnləri səsləndirilib: “Sonra TEV Anadolu Liseyinin şagirdi İlyas Erden Tuna tərəfindən Xocalı soyqırmına həsr edilmiş şeir oxunub. Mərasimdə çıxış edən O.Zolan Xocalı soyqırımının tarixinə nəzər salıb”.
Bələdiyyə başqanı, bu faciənin unudlmadığnı, bundan sonra da unudulmaması üçün hər şeyin ediləcəyini bildirib: “2016-cı ildə məclisimizdə verdiyimiz qərarla burada belə bir abidə ucaltdıq. Burada yerləşən 120 min kvadratmetr sahəsi olan parkımıza Azərbaycan Qarabağ Parkı adını verdik ki, qardaşlığımız möhkəmlənsin, birliyimiz daha aydın başa düşülsün. Burada gənclərimiz var, gəlin bu unudulmaz anları onlara çatdıraq ki, bu hadisələr nəsildən-nəslə unudulmasın. Birlik və həmrəyliyin, bir-birimizin qayğısına qalmağın vacibliyini, zəif olanda başımıza gələnləri heç vaxt unutmamaq üçün burada belə bir abidə tikdik. Biz azərbaycanlı qardaşlarımızla birlikdə iki dövlət, bir millətik. Onlar bizim qardaşlarımızdır”.
Xocalı soyqırımı zamanı bütün dünyanın səssiz qaldığını xatırladan O.Zolan deyib:“1992-ci ildə Xocalı soyqırımı baş verəndə insan haqlarını müdafiə edənlər, çağdaş olduqlarını deyənlər, demokratiyanın hər növündən danışanlar gözlərini yumdular, o qırğınların qarşısını almadılar. Bunları heç vaxt unutmayın, xüsusən də əziz gənclər. Eyni şey Bosniyada da baş verdi. Avropanın göbəyindəki bacı-qardaşlarımızı kütləvi şəkildə ölümə buraxdılar. Orada da susdular. Tək çarəmiz bir yerdə, qol-qola birlikdə olmaqdır. Bütün bacı-qardaşlarımızı qucaqlayaraq yolumuza davam etməliyik”.