Dr. Yücel Karauz: Avropada yaxşı bilirlər ki, bu savaş daha çox Amerikanın maraqlarına xidmət edir
BAYRAQDAR MEDİA – “Məsələyə geniş şəkildə toxunmazdan öncə bir məqamın üzərində dayanmaq vacibdir. O da dünyada ölkələrin müdafiə xərcləri, yaxud da müdafiə sənayesinə çəkdikləri xərclərlə bağlıdır”.
Bunu Ukraynaya silah yardımı məsələsində Avropada ortaya çıxan bəzi məqamları BAYRAQDAR MEDİA üçün dəyərləndirən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.
Xatırladaq ki, müharibə ortaya maraqlı bir mənzərə çıxarıb. İlk baxışdan belə anlaşılır ki, Avropanın nəhəng ölkələrinin silah arsenalı ya köhnəlib, ya da çox cüzi halda təmin edilib. Bəs bu həqiqətənmi belədir, yoxsa Avropa ölkələri sadəcə Ukraynaya silah verilməsi məsələsində xəsislik edirlər?
Həmin sualı cavablandıran Dr. Y.Karauz öncə onu deyib ki, bu gün dünyadakı bütün ölkələrin müdafiə xərclərinə nəzər saldıqda bunun ümumilikdə 1,8 trilyon dollara bərabər olduğunu görürük: “Bunun hardasa 50 faizi Birləşmiş Ştatların payına düşür. Hesablamalara görə, ABŞ hər il müdafiə sənayesinə 813 milyard dollar xərcləyir. Ondan sonra 250 milyard dollar xərcləmə ilə Çin gəlir. Sonrakı yerlərdə isə müvafiq olaraq 70 milyard dollar xərclə Hindistan və Böyük Britaniya dayanır. Rusiya, Almaniya və Fransanın müdafiə xərcləri isə 62 milyard dollara yaxındır. Yəni görünən odur ki, hazırda dünyada müdafiə sənayesi məsələsində Birləşmiş Ştatlarla rəqabət aparacaq ölkə yoxdur”.
Onun sözlərinə görə, ABŞ-ın regionda gərginliyi daha da artırmasının səbəbi xüsusilə Çinin müdafiə sənayesi xərclərini artırmasının qarşısını almaqdır: “Artıq bir ili arxada qalan Rusiya-Ukrayna savaşı da müdafiə sənayesi ilə bağlı bir sıra məqamlarla diqqət mərkəzində oldu. Öncə savaş meydanında kiçik çaplı müdafiə silahlarından istifadə edildi. Lakin müharibənin 6-cı ayından etibarən müdafiə silahları hücum silahları ilə əvəz edildi. Bu gün artıq Ukraynaya bu silahlar verilir”.
Konkret sualımıza gəlincə, müsahibimiz deyib: “Təbii ki, Avropa ölkələrinin geniş və müasir silah arsenalı var. Hər bir ölkə öz müdafiə və hücum qabiliyyətini təmin etmək üçün müvafiq hərbi gücə və silah-sursata malikdir. Lakin Avropa bu savaşın onun savaşı olmadığının fərqindədir. Avropada yaxşı bilirlər ki, bu savaş daha çox Amerikanın maraqlarına xidmət edir. Ona görə də Ukraynaya silah verəndə də bunu bəlli ölçüdə və öz gücləri nisbətində edirlər. Yoxsa Avropada silah-sursat, ümumilikdə müdafiə sənayesi ilə bağlı hər hansı sıxıntı yoxdur. Sadəcə onlar dünyadakı bu qarışıqlığı gördükləri üçün, bu savaşın daha da genişlənə, hətta Avropanın bəzi ölkələrinə də sıçraya biləcəyi təhlükəsini hiss edərək, ehtiyatlı davranırlar. Daha açıq desək, Avropa bu savaşın, əslində, ABŞ-Rusiya savaşı olduğunun fərqindədir. Ona görə də Avropada haqlı olaraq belə düşünürlər ki, ABŞ daşın altına əlini daha çox qoymalıdır. Onu da deyim ki, ABŞ-ın hərbi yardımla bağlı yeni maddi dəstəyi, Ukraynaya verilən yeni silahlar 2023-cü ilin daha şiddətli olacağına işarə edir”.