Press "Enter" to skip to content

Suriyadan məktub – Suriyaya məktub

Habil RzaNur

Son yeniləmə: 16 Fevral 2023 21:21

BAYRAQDAR MEDİA istedadlı gənc şair Habil RzaNurun 2017-ci ildə yazdığı iki şeirini təqdim edir.

Suriyadan məktub

Salam, şair əmi!..
Bağışla ki, sənə atəşli salam yollaya bilmirəm.
Bütün atəşlər burda məşğuldu.
Düzü, mən də çox məşğulam…
Bacım kuklasının qolunu itirib, ağlayır.
…sakitləşdirə bilmirəm,
Hələ öz ayağından xəbəri yoxdu,
onu da bir az olar itirib.
Demişəm pişik aparıb.
Mənə çörəyin ətrini yollaya bilmərsiz?
Darıxmışam.
Əlli nağıl bunnan qabaq anamı da
dəmir leyləklər apardı.
Ondan da çörək ətri gəlirdi.
Atamı axırıncı dəfə görəndə
öz saqqalının içində yoxa çıxdı.
Bir də sizdə yağışlar var deyirlər, qurğuşunsuz yağışlar…
Suyundan barıt iyi gəlməyən yağışları deyirəm.
Varsa, ondan da yollayarsız,
Yox, yox, özümçün demirəm… bacım istəyir…
Mən kişiyəm! Qorxmuram!
Sizin Cırtdana da deyin ki,
burdakı divlər 60 ton ağırlığındadı.
Özü də hər güləndə bir dəmir dişi çıxıb bir evi yıxır…
Səsləri də qəribədi,
elə bil cənnətlə cəhənnəm bir birinə çığırır!
Hə, bir də ki, burda güllələr də çox ədəblidi,
böyüklü-kiçikli, kimi görsələr görüşürlər…
Nə isə, şair əmi…
Sən Tanrı ilə danışa bilirsən deyirlər.
Ona deyə bilərsən bacımın ayağını qaytarıb versin?
Özüm güclə ayaqda dayanmışam,
Artıq bacımı qollarımda tuta bilmirəm…
Minnət kimi çıxmasın,
səhər azan səsinə oyanmışam.
axşamdı, bomba səsindən yata bilmirəm!
Cavab gözləyirəm….

Suriyaya məktub!

Salam, igid.
Bağışla ki, mən də sənə
atəşli salam yollaya bilmirəm.
Bizdə də atəşkəsdi.
Bilirəm ki, bacın ayağını,
kuklasının qolunu itirib.
Amma bizdə də körpələr olub ki,
analıq yolunu itirib,
ana bətnindən parçalanıb çölə atılıb.
Heç atomun parçalanması
belə dəhşətli olmamışdı.
Bizdə körpələr olub ki, ürəyi, ciyəri satılıb.
Heç atom bombası da
Xirosimaya belə həvəslə atılmamışdı.
Bu dünya nələr görməyib?!
Konstantinopulun fəthi qədər möhtəşəm,
“Erməni soyqırımı” qədər yalan,
Xoçalı soyqırımı qədər dəhşətli,
Zorlanmasın deyə, qızını öldürən atanın
sevinci qədər acıları görüb bu dünya.
İncimə, sənə yük olmaq istəmirəm.
Ürəyinə xal salmaq istəmirəm.
Amma bizim “xalımız” da var.
Bu gün də təqvimdə Qorbaçovun xalının
bir parçası “20 Yanvar”ın üstünü örtüb.
Necə ki, Kremlin qırmızı divarları
Xocalıdakı qarın üstünü örtmüşdü.
Nə bilmək olar,
Bəlkə də məhz o gün yağdığına görə
qarın üzü qızarmışdı.
1992-ci ilin 26 fevralı
Dəhşətlərin Xocalısı…
Qız doğduğuna görə peşman,
Oğul doğduğuna görə
Tanrıyla düşmən edilən anaların yurdu.
Bax, həmin o gündən, bizim üçün
dünyanın ən dəhşətli rəqəmi,
“666” yox, “366” oldu.
Hərdən mən də Tanrıyla
danışa bildiyimə inanıram.
Bacının ayağını soruşdum.
Arakanda doğranan körpə cəsədlərinin
arasında olacağını dedi:
Bəlkə də gecikdik,
Xocalıdakı ermənilər kimi
hansısa budda, sadəcə bişirdi və yedi.
Axı onlar uşaq ətinin dadını yaxşı bilirlər.
Sən ümidini üzmə, tələsmə…
Qarabağda da bizim körpələri də
Şilləylə yox, gülləylə vurublar.
Bəlkə də sizdəki güllələr
ədəbli olmağı ordan öyrənib.
Axı orda da bütün mərmilər
bədənlərə tələsib
Oradakı küləklər də qorxudan əsib.
Bəlkə bir gülləni bir körpədən
yan ötürə biləcəyinə inanır bizim küləklər.
Hə, bir də özümə o qədər sual vermişəm ki,
Görəsən, sizə atılan mərmilərdən,
neçə Eyfel qülləsi tikmək olardı?
Görəsən, o ölən müsəlmanların kəfənindən,
neçə Ağ ev bükmək olardı?
Sən heç bilirsən, ən dahi alimlər
siyasətçilər olublar?
Onlar qanla nefti qarışdırıb qızıl alıblar.
Nəysə, igid…
Sən Tanrıyla danışa bildiyimə inanırsan.
Verilən heç bir vədə inanma.
Özünə inan!
Aşılan hədlər
Keçilən sədlər
Büsbütün vədlər
Yalan…
Elə, dünyanın ən yalan vədləri də,
ən yalan rəqəmləri də bizə düşdü.
BMT, 822 nömrəli qətnamə!
Bütün vədlərin yalan olduğunun
yazılı sübutu.
Bunlar haradan başlanıb, bunu da unutma.
Bor, Eynşteyn, Nüvə bombası,
Bəşəriyyətin süqutu…
Cavab gözləmirəm!
ümid istəyirəm…

Mission News Theme by Compete Themes.