Son yeniləmə: 26 Fevral 2023 22:07
Əfsanə ZAMAN – Qonaq yazar
BAYRAQDAR MEDİA – Bu gecə nədənsə tez yatmaq istəyirəm və nədənsə bir daha heç oyanmaq istəmirəm.
Niyə?
Çünki əllərim və ayaqlarım yoxdur. Birazdan addım səsləri… qaranlıqda atılan mərmilərin işığında qaçışan surətlər… Mən, mən bütün bunları görməməkdən ötrü tez yuxuya getmək istəyirəm.
Hə, mən qorxağam və birazdan nəyə oyanacağımı da yaxşı bilirəm.
Qışqırsam; – həəə, gəlin. mənfur alçaqlar! Sizi çağıran mənəm, məndə yatan sərvətlərdir. Buyurun alın… amma körpələrə dəyməyin.
…Ayın nuru get-gedə çoxalır. Gözlərini qapatması ilə açması bir olur. Elə bu zaman ətrafı qulaqbatırıcı, tükürpədici insan səsləri bürüyür. Açmaq istəmədiyi gözlərini açır… ətrafına boylanır.
Hər tərəf qan, çığırtılar, əcaib yad səslər, sonra isə iniltilər. Kimdir belə acı-acı zarıyan?
Yooox, bu heç zarımaq da deyil, bu elə inləmədir. Dərisi soyulan körpənin neçə dəqiqə yaşayacağının imtahan səsidir.
İlahi, bu necə bir işkəncədir?
Ürək dözmür, sən necə dözürsən?
Kimdir belə imdad və yardım diləyən?
Uşaq!
Qoca!
Qadın!
Qaya başından öz istəyi ilə atlanan namuslar, qeyrətlər!
Mən Torpağam! Dünən, bu gün, yarın məni qorumaq üçün and içənlərin gerçək şahidiyəm!
Mən Torpağam!
İgid oğulların son nəfəslərinə kimi vuruşduqlarını görən torpaq!
Mən Torpağam!
Mən Şahidəm!
Mən Xocalının özüyəm!