Son yeniləmə: 26 Fevral 2023 20:59
BAYRAQDAR MEDİA – Bir qrup Güney Azərbaycan siyasi təşkilatı Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı bəyanatla çıxış edib.
Xəbər BAYRAQDAR MEDİA-ya fevralın 26-da Güney Azərbaycan Milli Dirəniş Təşkilatından daxil olub.
26 Fevral 1992-ci il dünyanın və bəşəriyyətin utanc verici və üzünün qara olduğu bir gündür.
O gecə Xocalıda dinc əhalinin evlərinə hücum çəkən Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı motoatıcı alayı şəhəri işğal etmiş, Azərbaycanlı dinc əhalini soyqırıma məruz qoymuşdu.
Bu qətliamda uşaq, qoca, qadın-kişi demədən 613 insanımız vəhşicəsinə qətlə yetirilmiş, 1 min 275 nəfər isə girov götürülmüşdü.
Əlbəttə ki, bunlar bütün dünyanın gözləri önündə xalqımıza və vətənimizə qarşı törədilmiş cinayətdir.
Biz tariximizdən dərs almalı, yaşadığımız acıları gələcək nəsillərimizi və dövlətimizi qoruyub saxlamaq adına unutmamalıyıq.
Bizlər, Güney Azərbaycanın siyasi quruluşları olaraq dərin hüzn və ibrət hissiyyatı içində bu vasitə ilə İran İslam Respublikasının Xocalı Soyqırımı və Qarabağla bağlı siyasətini bir daha qınamağı özümüzə borc bilirik. Özünü müsəlman sayan və hal-hazırda xalqımızın 40 milyonunu müstəmləkə durumunda saxlayan İran rejimi birinci Qarabağ savaşından bu günədək hər zaman işğalçı Ermənistana və xalqımızın soyqırım edilməsinə hər cür dəstək vermiş, bir dəfə olsun Xocalı soyqırımının əziz xatirəsini yad etmək üçün xalqımızın toplanmasına izn verməmiş və buna cəhd edənləri tutuqlayıb ağır cəzalara məhkum etmişdir. Bizlər İranın Azərbaycana qarşı düşmənliyini 2020-ci ildəki 44 günlük müharibə zamanı və Zəngəzur məsələsində açıq şəkildə gördük. Təbii olaraq Azərbaycan türk milləti bu düşmənliyi unutmayacaq və gərəyini yerinə gətirəcəkdir.
Uca yaradan başda Xocalı soyqırımının qurbanları olmaqla, bütün şəhidlərimizin ruhunu şad eləsin, millətimizi və dövlətimizi qorusun.
Azərbaycan Mərkəz Partiyası – AMP
Azərbaycan Milli Dirəniş Təşkilatı – DİRƏNİŞ
Azərbaycan Öyrənci Hərəkatı – AZOH
Güney Azərbaycan Demokrat Partiyası – GADP