Son yeniləmə: 25 Fevral 2023 15:00
BAYRAQDAR MEDİA – Azərbaycanın Meksikadakı səfirliyinin və Meksika Deputatlar Palatasının birgə təşkilatçılığı ilə Mexiko şəhərinin Tlakskoake/Xocalı (Tlaxcoaque/Joyali) meydanında yerləşən “Xocalı Soyqırımı” abidəsi önündə Xocalı faciəsinin 31-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya səfirlikdən məlumat verilib.
Bildirilib ki, tədbirdə Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri deputat Alberto Viyya Viyeqas, Deputatlar Palatasının Səhiyyə Komissiyasının sədri deputat Emmanuel Reyes Karmona, Konqresin digər üzvləri, ölkədə akkreditə olunmuş səfirlər və diplomatik korpus nümayəndələri, yerli KİV təmsilçiləri və QHT-lərin, həmçinin Meksikada yaşayan həmvətənlərimiz iştirak edib.
Tədbirdə ilk olaraq, Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca bu ölkədəki səfirimiz Məmməd Talıbov Xocalı soyqırımı və erməni təcavüzünün tarixi haqda tədbir iştirakçılarına məlumat verib. O, Xocalıdakı qətliamın XX əsrdə mülki əhaliyə qarşı törədilmiş ən qəddar cinayətlərdən biri olduğunu vurğulayıb, bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasının və bu faciəyə beynəlxalq səviyyədə ədalətli hüquqi və siyasi qiymətin verilməsinin vacibliyini qeyd edib. Səfir bu xüsusda bir çox dünya ölkələrinin parlamentləri, o cümlədən Meksika Konqresinin hər iki palatası tərəfindən Xocalı soyqırımını pisləyən sənədlərin qəbul edildiyini söyləyib və bu məsələdə nümayiş etdirdiyi ədalətli mövqeyə və həmrəyliyə görə Meksika tərəfinə təşəkkürünü ifadə edib.
Sonra Meksika Deputatlar Palatasındakı Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Alberto Viyya Viyeqas31 il bundan öncə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş Xocalı qurbanlarının xatirəsinin məhz Azərbaycan Hökumətinin dəstəyi ilə abadlaşdırılmış Tlakskoake meydanında yad edildiyini qeyd edərək, Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqının ağrısını bölüşdüyünü bildirib.
Dostluq qrupunun üzvü deputat Xavyer Kasike Zarate Xocalı Soyqırımının canlı şahidi, 8 gün erməni əsirliyində qalmış Dürdanə Ağayevanın sözlərindən sitat gətirərək, Xocalı soyqırımını bəşəriyyətin ən dəhşətli faciəsi adlandırıb. O, Xocalıya ədalətə çağırış edib. Deputat həmçinin, 2011-ci ildə Meksikanın Deputatlar Palatası və Senatı tərəfindən qəbul edilmiş, Xocalı soyqırımı qurbanlarına ədalətin bərqərar olunmasının zəruriliyini ehtiva edənsənədlərə sadiqliklərini bir daha vurğulayıb.
Daha sonra Konqresin digər üzvləri deputat Emmanuel Reyes Karmona, deputat Elva Vixil Ernandes və deputat Migel Anxel Peres Qaribay çıxış edərək bəşəriyyətin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı qurbanlarının ailələri və Azərbaycan xalqına həmrəyliyini ifadə edib, dünya ictimaiyyətini Xocalıya ədalətə səsləyiblər.
Tədbirdə Səfirlik və Meksika-Azərbaycan dostluq qrupu adından “Xocalı soyqırımı” abidəsi önünə əklillər qoyulub, abidəni ziyarət edən iştirakçılar tərəfindən gül dəstələri düzülüb və qonaqlara qanlı faciənin tarixindən bəhs edən bröşür və materiallar təqdim olunub.