BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında Türkçü Düşüncə Birliyinin təşkilatçılığı ilə Prof. Dr. Nəsib Nəsiblinin “Türkçü düşüncənin əsasları” və araşdırmaçı Odər Qutluərin “Türkçülüyün məsələləri” kitablarının müzakirəsi keçirilib.
Prof. N.Nəsibli çıxışında kitabın ərsəyə gəlməsi haqqında danışıb. Türkçülüklə bağlı məsələlərin keçici yox, daim müzakirə edilməli olduğunu bildirib, təbliğində gənclərin üzərinə böyük yük düşdüyünü deyib.
Professor həmçinin, ziyalıların, fikir sahibi olan insanların qatıla biləcəyi türkçülük çalışmalarının vacibliyi fikrini irəli sürüb. Bu yöndə işlər planladıqlarını deyən professor sonda həmin çalışmaların kitab şəklində çap ediləcəyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən millət vəkili Sabir Rüstəmxanlı türkçülüyün irqçilik olmadığını qeyd edib. Uzun bir tarixi olan türkçülüyü gənclərin dərindən öyrənməli olduğunu bildirərək sözügedən mövzudakı mövzuların orta məktəb dərsliklərinə salınmasının vacibliyini vurğulayıb. Türkçülüyü kimlik adlandıran millət vəkili kimliyini bilməyənin var ola bilməyəcəyini bildirib.
Millət vəkili eləcə də Nəsib bəyi kimliyini bilən bir insan kimi xarakterizə edərək kitabda qeyd olunanların hamısının tarixi mənbələrlə əsaslandırıldığını bildirib. O, həmçinin, müəllifin kitabdakı bir çox məsələlərə yanaşmada Quzey Azərbaycanla Güney Azərbaycanı paralel araşdırdığını və bununla Bütöv Azərbaycanın obrazını yaratdığını vurğulayıb.
Ardınca çıxış edən publisist Əli Şamil bu tip kitabların cəmiyyətdə çox təbliğ edilməli olduğunu diqqətə çatdırıb. Bunun üçün o, türkçülüklə, milli məsələ ilə məşğul olan insanların müəllimlərlə mütəmadi görüşlər keçirib bu mövzuda müzakirələr aparmalı olduğunu irəli sürüb. Onun fikrincə, belə olarsa bu istəyə tez bir zamanda nail olmaq asanlaşar.
Digər çıxış edənlər türkçülüyün təbliği, ümumtürk ədəbi dilinin yaradılmasının vacib olduğu, turançılıq və s. mövzularda fikirlər səsləndirib, eləcə də müəlliflərə kitablara görə təşəkkür ediblər.