Hudaverdi Otaklı: Fevralın 26-da Azərbaycan Qarabağ Parkında yerləşən Xocalı soyqırımı abidəsinin önündə anım məraismi keçiriləcək
BAYRAQDAR MEDİA – “Hər il olduğu kimi bu il də Denizlidəki Azərbaycan Qarabağ Parkında yerləşən Xocalı soyqırımı abidəsi ziyarət olunacaq”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Denizli Böyükşəhər Bələdiyyəsinin Kültür ve Sosyal İşler Dairesi başqanı Hudaverdi Otaklı deyib.
O, qeyd edib ki, fevralın 26-da səhər erkən başda Denizli Böyükşəhər Bələdiyyə başqanı Osman Zolan olmaqla Denizlinin müxtəlif dövlət qurumları və ictimai təşkilatlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər və məktəblilər Azərbaycan Qarabağ Parkında yerləşən Xocalı soyqırımı abidəsinin önünə toplaşacaq: “Anım mərasimində öncə Denizli Böyükşəhər Bələdiyyə başqanı O.Zolan tərəfindən abidənin önünə əklil qoyulacaq. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək və Denizli Böyükşəhər Bələdiyyəsinin orkestrinin ifasında hər iki ölkənin dövlət himnləri səsləndiriləcək”.
H.Otaklı bildirib ki, himnlərin səsləndirilməsindən sonra yerli məktəblilərdən biri Xocalıya həsr edilmiş şeir oxuyacaq: “Sonra isə protokol çıxışları ilə mərasim başa çatacaq. Bilirisniz ki, biz bundan öncəki illər Xocalıya həsr edilmiş digər tədbirlər də keçirmişik. Lakin fevralın 6-da baş verən dəhşətli zəlzələyə görə bu il digər tədbirlər keçirlməyəcək. Allah bütün şəhidlərimizə və dəhşətli zəlzələ zamanı vəfat edənlərə rəhmət eləsin”.