Press "Enter" to skip to content

Azərbaycanın Ukraynaya dəstəyi üç istiqamətdə gerçəkləşdirilir

Yeganə Hacıyeva

Son yeniləmə: 24 Fevral 2023 12:23

Yeganə Hacıyeva: Bunlardan birincisi Azərbaycan dövlətinin, ikincisi Azərbaycan cəmiyyətinin, üçüncüsü isə Ukraynadakı azərbaycanlıların dəstəyidir

BAYRAQDAR MEDİA – “Öncə onu deyim ki, Rusiya-Ukrayna münaqişəsinin başladığı ilk gündən biz Ukraynanın beynəlxalq hüquqla tanınan çərçivədə ərazi bütövlüyünü dəstəkləmişik. Bu dəstək hazırda da davam edir”.

Bunu politoloq Yeganə Hacıyeva BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında deyib.

Xatırladaq ki, fevralın 24-də Rusiyanın Ukraynaya əsassız və səbəbsiz təcavüzünün bir ili tamam oldu. Bu bir il ərzində Azərbaycanın Ukraynaya humanitar sahədə dəstək verdiyini deyən Y.Hacıyeva bunun da təbii olduğunu vurğulayıb: “Bəlli olduğu kimi, SOCAR ilk gündən humanitar məqsədlə Ukraynaya yanacaq yardımı edir. Bu yardımlar yanğınsöndürən və təcili yardım maşınlarının pulsuz yanacaqla təminini əhatə edir. Həmçinin, ilk gündən Azərbaycan Ukraynaya humanitar yardımlar edib”.

Onun sözlərinə görə, Ukraynada yaşayan azərbaycanlılar, o cümlədən diaspor təmsilçiləri də bu məsələdə ön sırada olublar: “Diaspor təmsilçilərimiz, Ukraynadakı azərbaycanlı iş adamları müharibədən zərər görmüş insanlara hərtərəfli dəstək verib və bu dəstək hələ də davam edir. Hazırda Ukraynanın müxtəlif nöqtələrində məhz azərbaycanlılar tərəfindən yaradılmış humanitar məntəqələr var. Həmin məntəqələrdə müharibədən zərər çəkmiş insanlara hər cür humanitar yardımlar edilir. Bir ilə yaxındır ki, mülki insanlar bu məntqələrdə isti yeməklə təmin olunur”.

Y.Hacıyeva deyib ki, Azərbaycanın Ukraynaya dəstəyi üç istiqamətdə edilir: “Bunlardan birincisi Azərbaycan dövlətinin, ikincisi Azərbaycan cəmiyyətinin, üçüncüsü isə Ukraynadakı azərbaycanlıların dəstəyidir. Bundan başqa təbii ki, ötən bir il ərzində Azərbaycan Ukraynaya siyasi dəstək də verib. Bu siyasi dəstək isə ondan ibarətdir ki, beynəlxalq təşkilatlarda Ukraynanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü dəstəkləmişik. Bununla bağlı istənilən təşəbbüslərə qoşulmuşuq. Bir sözlə, bu bir ildə Azərbaycan Ukraynaya geniş və əhatəli dəstək verib”.

Mission News Theme by Compete Themes.