BAYRAQDAR MEDİA – Azərbaycan Prezidenti İlham Əliyev təhsil işçilərinin vəzifə maaşlarının artırılması ilə bağlı iki ayrı Sərəncam imzalayıb.
Xəbəri fevralın 23-də Prezidentin Mətbuat xidməti yayıb.
“Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları 2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılsın”, – deyə Sərəncamda qeyd edilir.
Eyni gündə dərc edilmiş digər Sərəncam isə peşə təhsili müəssisələrinə aiddir: “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları 2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılsın”.
Hər iki Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə edilib.