Press "Enter" to skip to content

Dünən də belə idi, sabah da belə olacaq

Prof. Dr. Mehmet Yüce

Son yeniləmə: 23 Fevral 2023 14:54

Prof. Dr. Mehmet Yüce: Bu elə bir qardaşlıqdır ki, dünyada tayı-bərabəri yoxdur

BAYRAQDAR MEDİA – “Azərbaycan-Türkiyə qardaşlığı əsrlər boyu tarixin ağır sınaqlarından çıxıb. Bu qardaşlıq müasir dövrdə bir daha özünü bütün dünyada təsdiqlədi. Bizlər buna şahidlik etdiyimzi üçün xoşbəxtik”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı Prof. Dr. Mehmet Yüce deyib.

Onun sözlərinə görə, fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra ilk dəstəyini ifadə edən və yardıma qaçan Azərbaycan dövləti və xalqı oldu: “Azərbaycan dövləti bütün imkanları ilə və hamıdan əvvəl Türkiyənin köməyinə qaçdı. Bu prosesdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın fövqəladə səyləri hər cəhətdən təqdirəlayiqdir”.

O, bildirib ki, Azərbaycan xalqı da Türkiyəyə dəstək üçün səfərbər oldu: “Uşaqdan qocaya, kasıbdan varlıya, əkinçidən dükançıya, özəl şirkətlərdən dövlət qurumlarına qədər hamı qardaşının dərdinə dərman, yarasına məlhəm olmaq üçün ürəkdən çalışır. Azərbaycan xalqı həqiqətən də Türkiyənin dərdinə şərik olur, zəlzələdə qəlbi qırıq qardaşına qucaq açır”.

M.Yüce deyib ki, bu qardaşlıq öz gücünü tarixdən alır: “Oğuzun iki mərd oğlu olan Azərbaycan və Türkiyə münasibətlərini həmişə qardaşlıq hüququ çərçivəsində davam etdiriblər. Bu qardaşlıq münasibətlərinin tarixi də indiki kimi güclüdür. Bu elə bir qardaşlıqdır ki, dünyada tayı-bərabəri yoxdur. Bütün maraqlardan, ideoloji və əqidədən üstün bir qardaşlıq və sevgi bağı var. Dünən də belə idi, sabah da belə olacaq”.

Bütün dünyanın bir daha bu qardaşlığın sarsılmaz olduğunu gördüyünü bildirən müsahibimiz, sonda “Bir sözlə, Azərbaycan-Türkiyə münasibətlərində qardaşlıq hissi hər zaman ön planda olub və bundan sonra da belə olacaq” deyib.

Mission News Theme by Compete Themes.