Press "Enter" to skip to content

Bu dəfəki yarmarkalarda 56 regiondan 72 fermer iştirak edəcək

Həftəsonu yarmarkaları

Son yeniləmə: 23 Fevral 2023 12:39

BAYRAQDAR MEDİA – 25-26 fevral tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.

Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 23-də nazirlikdən məlumat verilib.

Bildirilib ki, həftəsonu yarmarkalarının keçirilməsində əsas məqsədi yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir: “Budəfəki yarmarkalarda 56 regiondan 72 fermer iştirak edəcək. Fermerlər 80-ə yaxın çeşiddə yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar. Yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər”.

Qeyd edilib ki, yarmarkada iştirak edəcək fermerlər piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla ödənişsiz şəkildə təmin olunacaqlar: “Həmçinin məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvanlara qədər daşınacaq. “Kənddən Şəhərə” həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda keçiriləcək: Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) və Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B (“İnqilab” kinoteatrının yanı)”

Mission News Theme by Compete Themes.