BAYRAQDAR MEDİA – YARAT Müasir İncəsənət Məkanı Film Klub çərçivəsində amerikalı rejissor Stenli Kubrikin “2001: Kosmik Odissey” (1968) elmi-fantastika filminin təqdimatı olacaq.
Bu barədə YARAT-ın paylaşdığı məlumatda bildirib.
Xəbərdə qeyd olunub ki, “Artur Klarkın “Gözətçi” adlı hekayəsi əsasında çəkilən film, insan təkamülünün gedişatına təsir göstərən sirli qara monolitlərlə insanların bir sıra görüşlərindən bəhs edir. Birinci görüş tarixin başlanğıcında baş verib. İkinci dəfə insanlar Yerə yaxın kosmosun tədqiqi dövründə Ayda monolit tapırlar. Bu monolit Yupiterə doğru güclü radiasiya yayır və insanlar oraya ekspedisiya göndərmək qərarına gəlirlər. Ekspedisiya, astronavtlar Deyv Boumen və Frenk Pul, habelə gəmi üzərində demək olar ki, tam nəzarətə malik super-ağıllı HAL 9000 kompüteri tərəfindən idarə olunur”.
Film fevralın 28-də saat 19:00-da XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində nümayiş olunacaq.