BAYRAQDAR MEDİA – Azərbaycan Mətbuat Şurası Xarici əlaqələr komissiyasının üzvləri qardaş Özbəkistanın Azərbaycandakı səfirliyində səfirin müşaviri Bəhram Qaipovla görüşüb.
Şuradan BAYRAQDAR MEDİA-ya fevralın 22-də verilən xəbərdə deyilir ki, sədr Müşfiq Ələsgərli başçılıq etdiyi Komissiyanın fəaliyyəti və qarşıdakı əsas vəzifələri barədə məlumat verib.
“Komissiyanın üzvləri – Yeganə Hacıyeva və Azər Həsrət iki ölkənin media platformaları arasında münasibətlərin inkişaf etdirilməsinə dair fikirlərini bölüşüblər. Onlar Özbəkistan səfirliyi ilə Azərbaycan Mətbuat Şurasının əməkdaşlığının bu sahəyə verə biləcəyi töhfələr barədə danışıblar”, – deyə xəbərdə bildirilir.
Daha sonra deyilir ki, “ziyarət üçün təşəkkürünü bildirən Bəhram Qaipov Özbəkistan səfirliyi ilə Mətbuat Şurası, həmçinin, ölkənin media qurumları arasında əməkdaşlığın sağlam təməllər üzərində qurulduğunu, ümumi maraqlara uyğun olduğunu vurğulayıb. O, əməkdaşlığın inkişafı üçün təkliflərini səsləndirib. Diplomat eyni zamanda, təmsil olunduğu missiyanın media ilə münasibətlərə xüsusi diqqət yetirdiyini bildirib”.
Eyni zamanda hər iki ölkə media təmsilçilərinin qarşılıqlı əlaqələrinin intensivləşdirilməsi zərurəti ayrıca vurğulanıb.