Son yeniləmə: 22 Fevral 2023 11:16
Telman Nüsrətoğlu: Bu faciəni, gördüyümüz dəhşətli mənzərəni sözlə ifadə etmək mümkün deyil
BAYRAQDAR MEDİA – “Biz artıq Hataydayıq. Gecə burada çadırlarda qaldıq. Dəhşətli mənzərələr var. Bu faciəni, gördüyümüz dəhşətli mənzərəni sözlə ifadə etmək mümkün deyil. Böyük bir mədəniyyətə sahiblik etmiş bir şəhər yerlə yeksan olub. Demək olar ki, sağlam bir bina yoxdur. Hatayın səksən faizi dağılıb”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında tarix elmləri doktoru, Türk İslam Araşdırmaları Mərkəzinin başqanı Telman Nüsrətoğlu deyib.
Xatırladaq ki, əsrin fəlakəti olaraq bilinən Türkiyənin zəlzələ bölgəsinə Azərbaycan dövləti və cəmiyyətinin qardaş köməyi davam edir. Artıq bir çox iş adamı cəmiyyətləri və qeyri-hökümət təşkilatlarının birləşərək formalaşdırdığı “Qardaş Köməyi” Platformasını təmsil edən heyət zəlzələ bölgəsinə səfər edib.
T.Nüsrətoğlu deyib ki, səfərin ilk günü Kahramanmaraş AFAD koordinasiya mərkəzində olublar. Orada Azərbaycan nümayəndə heyətini qardaş ölkənin Daxili İşlər naziri Süleyman Soylu qəbul edib: “Görüşdə cənab nazir zəlzələnin ilk saatlarlndan etibarən dövlət başçısı İlham Əliyev başda olmaqla Azərbaycanın heç bir zaman unudulmayacaq bir qardaşlıq, həmrəylik nümunəsi sərgilədiyini dedi. Süleyman Soylu Azərbaycanın qardaşlığından güc aldıqlarını, Türkiyənin bu çətin sınaqdan da güclənərək çıxacağını ifadə edərək Platforma üzvlərinə fədakar fəaliyyətləri səbəbiylə təşəkkürünü bildirdi”.
T.Nüsrətoğlu həmçinin, “Hazırda da valilərlə, bələdiyyə başqanları ilə görüşürük. Bu görüşlərdə də məqsəd ətraflı bilgi almaqla yanaşı, onlara Azərbaycandan “Qardaş Köməyi” Platforması olaraq nə edə biləcəyimizi müəyyənləşdirməkdir. Ümumiyyətlə, bu faciə bir daha Türkiyə-Azərbaycan qardaşlığının nə qədər sarsılmaz olduğunu nümyiş etdirdi” deyib.