Son yeniləmə: 22 Fevral 2023 15:06
Emin Həsənli: Görüşdüyümüz hər kəsdən “Azərbaycan var olsun”, “İlk yardımımıza gələn qardaş ölkə Azərbaycan oldu” kimi kəlmələri eşitdik
BAYRAQDAR MEDİA – “Qardaş ölkə Türkiyə üçün bu çətin günlərdə dəstəyimizi bir daha və birbaşa ifadə etmək üçün zəlzələ bölgəsindəyik. Artıq Kahramanmaraş, Antep, Hatay, Osmaniye və Adanada olduq. Gördüklərimiz bizi çox təsirləndirdi. Qardaş Türkiyə dövləti və xalqı sözün bütün mənalarında əsrin fəlakəti ilə üzləşib”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Qardaş Köməyi” Platformasının təsisçilərindən biri, “Qardaşlığımız əbədidir” QHT koalisiyasının sədri Emin Həsənli deyib.
O, qeyd edib ki, “Qardaş Köməyi” Platformasının rəhbərliyi zəlzələ bölgəsinə səfər etmək barədə qərar qəbul edib: “Mən də qardaş ölkəyə gələn nümayəndə heyətinin tərkibindəyəm. Biz fevralın 21-də Türkiyənin daxili işlər naziri Süleyman Soylu ilə görüşdük. Görüşdə nazir bizə ətraflı məlumat verdi. Həmçinin, bundan sonra dəstəyimiz necə ola bilər, deyə müzakirələr apardıq”.
E.Həsənli bildirib ki, səfər zamanı o Türkiyədə fəaliyyət göstərən qazilər və şəhid ailələri dərnəklərinin zəlzələ bölgəsi rayonlarında olan təmsilçiləri ilə də görüşüb: “Şəxsən mən yerli əhali ilə görüşəndə həmin təmsilçilər də bizimlə birgə oldular. Dediyim kimi qardaş ölkə dəhşətli bir faciəyə tuş gəlib. Zəlzələ qurbanları ilə söhbət zamanı biz həm kədərləndik, həm də qürur hissi keçirdik. Kədərləndik ona görə ki, qardaş-bacılarımızın bu duruma düşməsi bizim ürəyimizi dağlayır. Qürur hissi keçirdik ona görə ki, görüşdüyümüz hər kəsdən “Azərbaycan var olsun”, “İlk yardımımıza gələn qardaş ölkə Azərbaycan oldu” kimi kəlmələri eşitdik. Bunları eşitdiksə bir daha əmin olursan ki, bu qardaşlığı heç bir qüvvə sarsıda bilməz”.
E.Həsənlinin sözlərinə görə, təsirli görüşlərdən biri də Türkiyənin daxili işlər nazrinin müavini, Jandarm Qüvvələri komandanı Arif Çetinlə olub: “Kahramanmaraş bölgəsində Jandarm Qüvvələrinin Mobil Hərəkət Mərkəzində olan görüş zamanı A.Çetin yaranmış vəziyyət, həmçinin, fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində atılan addımlarla bağlı məlumat verdi. Azərbaycanın bu çətin günlərdə Türkiyəyə göstərdiyi qardaşlıq köməyini yüksək qiymətləndirən A.Çetin bunun heç vaxt unudulnmayacağını bildirdi”. Müsahibimiz əlavə edib ki, bölgəyə səfər davam edir: “Bundan sonra da şəhər, rayon, kənd və qəsəbələrin rəhbrəliklləri ilə görüşlərimiz olacaq. Bu görüşlərin nəticəsi olaraq da, yardımların daha çox hansı istiqamətli olmasına dair qərar veriləcək”.