Press "Enter" to skip to content

Bu, rəsmi Tehran üçün ciddi xəbərdarlıq sayılır

Yeganə Hacıyeva

Son yeniləmə: 22 Fevral 2023 11:34

Yeganə Hacıyeva: İndiki halda görünən odur ki, Qərb İranın mövcud rejimi ilə bütün əlaqələri kəsməkdə qərarlıdır

BAYRAQDAR MEDİA – “Davosda keçirilən Dünya İqtisadi Forumunda olduğu kimi, Münxen Təhlükəsizlik Konfransına da Şimali Koreya, Rusiya, nə də İran rəsmiləri dəvət olunmayıb. Mən bu sırada İran rəsmilərinin dəvət olunmamasının üzərində dayanmaq istərdim”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.

Onun sözlərinə görə, İranın bu tədbirə dəvət olunmamasının bir sıra səbəbləri var: “Əvvəla, İranda davam edən etiraz aksiyalarına rejimin təhlükəsizlik qüvvələrinin xüsusi qəddarlıqla yanaşması Qərbin, o cümlədən Avropanın qəzəbinə səbəb olub. Üstəlik İranın nüvə proqramının təhlükəli inkişafı, həmçinin, vəhşicəsinə Ukraynada istifadə üçün Rusiyaya pilotsuz təyyarələrin və digər hərbi texnikanın verilməsinə görə İran bir neçə dəfə bu cür beynəlxalq tədbirlərdən kənarda qalıb. Münxen Təhlükəsizlik Konfransına İran rəsmilərinin dəvət edilməməsi ilə yanaşı, şahın oğlunun timsalında müxalifətin ora dəvət alması isə rəsmi Tehran üçün ciddi xəbərdarlıq sayılır”.

Politoloqun sözlərinə görə, İran rəsmilərinin Münxen Təhlükəsizlik Konfransına dəvət edilməməsi İran daxilindəki etirazçlar, həmçinin, ölkənin xaricindəki müxalifət tərəfindən sevinclə qarşılanıb: “Ümumiyyətlə,
İrandakı etirazçılar və xaricdəki dissident müxaliflər İran müxalifətinin Münxen Təhlükəsizlik Konfransına dəvət edilməsi qərarını sentyabr ayından davam edən etiraz hərəkatının böyük də olmasa qələbəsi kimi qiymətləndirirlər. Buna qədər isə Vaşinqtonda səkkiz müxalifətçinin iştirakı ilə forum keçirilib. Bu və bir neçə digər hadisələrin fonunda ümumilikdə İranın etiraz hərəkatına beynəlxalq dəstəyin artdığını deyə bilərik. İndiki halda görünən odur ki, Qərb İranın mövcud rejimi ilə bütün əlaqələri kəsməkdə qərarlıdır”.

Mission News Theme by Compete Themes.