Press "Enter" to skip to content

Azərbaycan bir pillə geriləyib

Azərbaycana aid göstəricilər

BAYRAQDAR MEDİA – Open Data Watch qurumu dünya ölkələrinin açıq məlumat bazaları və milli statistika sistemləri üzrə 2022-ci ilin nəticələrini açıqlayıb.

Bu hesabat hər bir ölkədə müxtəlif kateqoriyalar üzrə açıq məlumat bazalarının hansı vəziyyətdə olmasını, son illər üzrə bu datanın əlçatanlıq vəziyyətini, açıq bazaların emal oluna bilmə vəziyyətini və s. açıqlayır.

Open Data Inventory (ODIN) təşkilatına istinadən açıqlanan hesabatda Azərbaycanın statistika sistemi 70 balla qiymətləndirilib.

Ölkəmizin reytinqi isə ötən illə müqayisədə bir pillə pisləşib.

Azərbaycan dünya ölkələri arasında 57 bal toplayaraq 71-ci olub.

Hesabata görə regionda açıq məlumat bazalarının həcmi və əlçatanlıq üzrə ən yaxşı vəziyyət Gürcüstanda olub:

Gürcüstan – 28-ci yer
Qazaxıstan – 48-ci yer
Rusiya – 52-ci yer
Türkiyə – 59-cu yer
Ermənistan – 65-ci yer.

Azərbaycanda qapalılıq və məlumatsızlıq üzrə ən “kasıb” vəziyyət elə “ərzaq təhlükəsizliyi” və “yoxsulluq kateqoriyası” üzrə olub.

Daha anlaşıqlı dildə bu o deməkdir ki, hesabatı hazırlayan qurum bu iki kateqoriya üzrə Azərbaycanla bağlı data axtaranda nə Dövlət Statistika Komitəsinin saytında, nə də opendata.az-da heç nə tapa bilməyib.

Həmçinin, qurumun hesabatına görə təhsil, sosial, gender, səhiyyə, cinayətkarlıq, maliyyə və s. sektorlarında açıqlıq və məlumatlılıq, statistika səviyyəsinə görə Azərbaycan xeyli aşağı göstəricilər əldə edib.

ODIN 2022-ci ildə 193 ölkədə 22 statistik kateqoriya və 65 göstəricini əhatə edən açıq məlumatların qiymətləndirilməsini aparıb.

ODIN-in məqsədi açıq məlumatlar üzrə rəsmi statistikanın əhatə dairəsi və əlçatanlığının obyektiv qiymətləndirilməsini təmin etməkdir.

Düşünürəm ki, Dövlət Statistika Komitəsi və opendata.az resursunun sahibi olan RİNN bu hesabatı ciddi araşdırmalıdır.

DSK statistika məlumatlarının keyfiyyətinin beynəlxalq tələblərə uyğunlaşdırılması, stat.gov.az-ın təkmilləşdirilməsi və e-xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işləri canlandırmalıdır.

Dəfələrlə məsələ qaldırılmasına baxmayaraq bizdə hələ də Açıq Məlumat Bazaları haqqında qanun hazırlanmayıb.

Dövlət qurumları opendata.az portalına könüllü olaraq məlumatları yerləşdirməkdə maraqlı görsənmirlər.

RİNN bu istiqamətdə vəziyyəti yaxşılaşdırmaq üçün səylərini gücləndirməlidir.

Mission News Theme by Compete Themes.