Press "Enter" to skip to content

Ziyanın yarısından qayıtmaq da xeyirdir

Mahmud Bilgin

Son yeniləmə: 20 Fevral 2023 23:05

Mahmud Bilgin: Bu yanaşma qəbuledilməz olduğu qədər Şirin Ebadi kimi insan haqları müdafiəçisi üçün utancvericidir

BAYRAQDAR MEDİA – “Şirin Ebadini yaxından tanıyıram. BMT-nin Cenevrədə keçirilən toplantısında onunla yaxından tanış olmaq imkanı əldə etmişəm. O, çox təmiz Azərbaycan türkcəsində danışır. Nə yazıq ki, o, İrançı, farsçı düşüncəyə malikdir. O, insan haqları məsələsində fəaliyyətinə görə Nobel Sülh Mükafatı alıb. Biz də Ş.Ebadi bu mükafatı alanda ilk olaraq sevindik. Lakin onun mükafatı qəbul edərkən özünü ideoloji baxımından guya Haxamənişi (Əhəməni – N.A.) şahı, farsların tarixdə qondarma ümid dağları olan Kuruşun (II Kirin – N.A.) sülaləsindən olduğuna görə fəxr etdiyini dedi. Halbuki o, bir Azərbaycan türk qızı olduğu üçün fəxr etdiyini deməliydi. O, anamız Tomrisin bu işğalçı Kirin başını kəsdiyini bilməliydi. Görünür ki, bunu bilmirmiş və o, fikir baxımından hansı tərəfdə olduğunu nümayiş etdirdi”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin deyib.

Nobel laureatı Şirin Ebadi və Ruben Vardanyan ortaqlığı

Xatırladaq ki, bir neçə gün öncə bölücü kriminal Ruben Vardanyan “Qlobal humanitar liderlər Dağlıq Qarabağda humanitar fəlakəti dayandırmaq üçün təcili hərəkətə çağırır” adlı paylaşım etmişdi. Bu “çağırışın” altına imza edənlərdən biri də iranlı Nobel Sülh Mükafatı laureatı Şirin Ebadi idi. Azərbaycanı hədəfə alan, Azərbaycana qarşı böhtan, yalan və iftiralarla zəngin olan bu “çağırış”ın altına imza qoyanlar arasında Ş.Ebadinin də olması o taylı, bu taylı Azərbaycanlılar arasında haqlı narazılıqla qarşılanıb.

M.Bilginin sözlərinə görə, bu fakt Ş.Ebadinin proseslərə yanaşmasını ortaya qoyur: “Ş.Ebadi insan haqları məsələsinə də farsçılıq prizmasından yanaşır. Bu səbəbdəndir ki, o, Qarabağ məsələsinə yanaşmasında farsçılıq, həmşinin ermənipərəstlik mövqeyindən çıxış edir. Onun R.Vardanyanın qondarma “çağırışına” imza atması da bundan qaynaqlanır. Ancaq bu yanaşma qəbuledilməz olduğu qədər Ş.Ebadi kimi insan haqları müdafiəçisi üçün utancvericidir. Çünki Ş.Ebadi bu qondarma “çağırışa” imza atmaqla 30 il ərzində torpaqlarımıza, insanlarımıza işğalçı Ermənistan tərəfindən edilən vəhşilikləri görməzdən gəldiyini ortaya qoyub. Görəsən, Ş.Ebadi nədən bu illər ərzində bircə dəfə də olsun ermənilər tərəfindən hər cür vəhşiliyə tuş gələn azərbaycanlıların hüquqlarının müdafiəsinə qalxmayıb? Düşmənin maraqlarına xidmət etmək o taylı, bu taylı heç bir Azərbaycan türkünə yaraşmaz”.

İranlı Nobel laureatının ermənilərlə birləşməsi etiraz doğurdu

M.Bilgin Ş.Ebadiyə bir atalar sözünü də xatırladıb: “Atalar deyib ki, ziyanın yarısından qayıtmaq da xeyirdir. İnanmaq istəyirəm ki, Ş.Ebadi bu yanlışdan geri dönəcək. Bir Azərbaycan qızı kimi məsələyə reallıqdan yanaşmaq üçün özündə güc tapacaq”.

Mission News Theme by Compete Themes.