Press "Enter" to skip to content

Giresunda Xocalı soyqırımının qurbanları anılacaq

Son yeniləmə: 20 Fevral 2023 22:32

Elgün Məmmədov: Ermənistan tərəfindən xalqımıza qarşı törədilən soyqırımları ilə bağlı məlumatların Giresun ictimaiyyətinə çatdırılması üçün davamlı addımlar atırıq

BAYRAQDAR MEDİA – Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Azərbaycanda və ölkə xaricində silsilə tədbirlər keçiriləcək. Belə tədbirlərdən biri də qardaş Türkiyənin Giresun şəhərində olacaq.

Bu barədə BAYRAQDAR MEDİA-ya Giresun Azərbaycanlılar Dərnəyinin sədri Elgün Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Giresun Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə keçiriləcək “Kədərmiz də bir, qədərimiz də bir” başlıqlı anım tədbiri konfrans və sərgidən ibarət olacaq: “Tədbirin konfrans hissəsi şəhidlərin və 6 fevral zəlzələsi qurbanlarının ruhuna Yasinin oxunması ilə başlanacaq. Sonra “İnsanlıq əleyhinə cinayətin 31-ci ildönümü: Xocalı soyqırımı” mövzusunda çıxışlar olacaq”.

E.Məmmədov bildirib ki, konfrans Giresun Universitetinin tarix bölümünün öyrətim üyəsi Prof. Dr. Sezai Balcının moderatorluğu ilə keçiriləcək: “Konfransda Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitunundan Prof. Dr. Mais Əmrahov çıxış edəcəklər. Çıxışlardan sonra isə Xocalı soyqırımından bəhs edən film nümayiş etdiriləcək. Giresun Əsnaf və Sənətkarlar Odaları Birliyinin Konfrans salonunda keçiriləcək tədbirin ikinci hissəsində faciədən bəhs edilən rəsm əsərləri də nümayiş etdiriləcək”.

E.Məmmədov sonda, “biz Azərbaycan haqqında həqiqətlərin, o cümlədən Ermənistan tərəfindən xalqımıza qarşı törədilən soyqırımları ilə bağlı məlumatların Giresun ictimaiyyətinə çatdırılması üçün davamlı addımlar atırıq. Bu tədbir də həmin istiqamətdə atacağımız növbəti addım olacaq” deyib.

Mission News Theme by Compete Themes.