Son yeniləmə: 20 Fevral 2023 22:07
Əlirza Abdullahi: Münxen Təhlükəsizlik Konfransına İran rəsmilərinin dəvət olunmaması postmolla rejimi üçün düymənin basıldığına işarə edir
BAYRAQDAR MEDİA – “Əslində, Qərb-İran əlaqələrindən danışanda ilk növbədə İranın nüvə proqramı məsələsini xatırlatmaq olar. O mənada ki, Avropa ölkələri uzun müddətdir bu nüvə proqramı ucbatından gərgin olan İran-ABŞ münasibətlərinin normallaşması üçün müəyyən vasitəçilik addımları atır. Avropanın, aparıcı Qərb ölkələrinin bu cəhdlərinin arxasında isə onların enerji maraqları dayanır”.
Bunu İran rəsmilərinin Münxen Təhlükəsizlik Konfransına dəvət olunmamasını BAYRAQDAR MEDİA üçün dəyərləndirən, hazırda ABŞ-ın Florida Ştatında yaşayan Güney Azərbaycanlı milli fəal Əlirza Abdullahi deyib.
Onun sözlərinə görə, İran zəngin neft və qaz qaynaqlarına malikdir: “Qərb ölkələri də əslində, ABŞ-İran münasibətlərini normallaşdırmaq istəyərkən məhz bu qaynaqlardan istifadə istəyini əsas götürürlər. Bu isə Qərbin proseslərə ikili standartlardan yanaşmasının növbəti bariz nümunəsidir. Yəni hər zaman insan haqlarından, demokratiyadan dəm vuran Avropa ölkələri enerji və maliyyə maraqları gələndə bunu unudurlar. Onların qəddar, antidemokratik İran rejimi ilə əməkdaşlığa can atması deyilənlərin daha bir əyani sübutudur”.
Müsahibimiz deyib ki, lakin son vaxtlar fars-molla rejiminə münasibət dəyişib: “Görünən odur ki, bir zamanlar şah rejimini devirmək üçün Fransanın öz qoynunda bəslədiyi Xomeynini meydana atan Qərb, indi də mollaları devirmək üçün şah tərəfdarlarından istifadə etmək niyyətindədir. Hər halda İran rəsmilərinin bu il Münxen Təhlükəsizlik Konfransına dəvət edilməməsi, bunun əvəzinə şahın sürgündə olan oğlunun həmin beynəxalq tədbirin qonaqları sırasında olması sıradan bir məsələ deyil. Hesab edirəm ki, Qərb, xüsusilə də Avropa artıq fars-molla rejimi ilə bütün əlaqələri kəsməkdə qərarlıdır. Özü də bu, təkcə əlaqələrin kəsilməsi deyil, İranda rejim dəyişikliyinə başlanma ərəfəsində olmasına işarə edir”.
Əlirza Abdullahinin qənaətinə görə, İranın mövcud rejiminin bu cür qəzəbə tuş gəlməsi ilk növbədə Rusiya-Ukrayna savaşı ilə bağlıdır: “Bəlli olduğu kimi, Rusiya-Ukrayna savaşı, əslində, Rusiya-Avropa, Rusiya-NATO savaşı deməkdir. İran isə bu məsələdə Rusiyanın tərəfini tutur, Rusiyaya dəstək verir. Elə Ukraynaya qarşı müharibədə Rusiyanın məhz İran SİHA-larından istifadə etməsi də Qərbdə qəzəblə qarşılanıb. Məsələnin kökü onda deyil ki, İran SİHA-ları güclüdür. Əsla belə deyil. Amma deyək ki, 20 min dollar dəyərində olan bu İran SİHA-ları Ukrayna səmasında Rusiya tərəfindən qaldırılanda Avropa müvafiq texnikadan istifadə etmək zorunda qalır ki, bu da Avropa üçün əlavə maliyyə itkisi deməkdir. Öncəliklə bu məsələ, həmçinin, SEPAH-la bağlı Avropanın yanaşması və İranda davam edən xalq üsyanına fars-molla rejiminin silahla cavab verməsi, rejimin “qara siyahı”ya düşməsini daha da tezləşdirib. Avropa bu qərara gəlib ki, artıq fars-molla rejimi getməlidir. Münxen Təhlükəsizlik Konfransına İran rəsmilərinin dəvət olunmaması postmolla rejimi üçün düymənin basıldığına işarə edir”.