Son yeniləmə: 20 Fevral 2023 20:01
BAYRAQDAR MEDİA – 21 Fevral dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd edilir. Belə bir gündə biz də bu yöndə həssas mövqeyi ilə seçilən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, Azərbaycan Bütövlük Platforması İdarə Heyətinin üzvü Gülşən MƏMMƏDOĞLUnun mövzuya aid yazısını təqdim edirik.
Dilin inkişafı Millətin maddi və mənəvi yaradıcılıq şəraitinə bağlıdır…
Hər hansı bir dilin inkişafı o dilin məxsus olduğu Millətin, o dilin aparıcı olduğu ölkənin inkişaf tempinə dayalıdır.
Dil düşüncədən doğur, düşüncə isə hərəkətlə maddiləşir, geyinir, libasa bürünür. Təkbaşına predmet kimi dilin üzərinə düşüb onu inkişaf etdirmək mümkün olası iş deyil. Bunun üçün ümumi inkişafı tətikləndirən, təmin edən bütün təbii amillər yerində olmalıdır.
Demək ki, Dilin inkişafı Millətin maddi və mənəvi yaradıcılıq şəraitinə bağlıdır. Məsələn, elmi ideologiyanın çərçivələrindən azad edək, iqtisadiyyat deyilən üzvi bir prosesin varlığına şərait yaradaq və bu prosesdə toplumun təbii iştirakını, üstün zəkasını, yaradıcı təxəyyülünü praktik şərtləndirən istehsalı təmin edək, azad düşüncəyə, mənəvi təkamülə, sözün əsl mənasında, ləyaqətli-ruhsal yaradıcılığa təkan verək, nəhayət Dialektika adıyla dilimizdən gözardı edilib çıxarılmış, unutdurulmuş və əksəriyyəti Xl əsr mənbəsi – “Divani lüğət-it türk” kitabında əks olunmuş köklü qədim sözlərimizi ədəbi və yazılı dilimizə qaytaraq, görün Dilimiz necə zənginləşir və inkişaf edir.
Babamdan-Nənəmdən uşaq vaxtı eşitdiyim sözləri sonra böyüyəndə Türkiyə ədəbi dilində və Anadolu dialektlərində eşitdim. Və bu sözləri danışanların çoxu Azərbaycanın tarixi coğrafiyasına aid Anadolu ərazilərində yaşayan soydaşlarımız idi. Ancaq nə Babamın, nə də Nənəmin Türkiyə şivəsindən, Osmanlı “türkcəsi”ndən xəbəri yoxdu. Bəli, onlar nəsildən-nəslə keçmiş, öz analarından-atalarından, mühitlərindən qavradıqları dili danışırdılar sadəcə… O dil ki, XVlll əsrin qərb mütəfəkkirləri, rus müəllifləri – Volter, Russo, Bestujev Marlinski və digərləri bu dil – yəni “Azərbaycanda danışılan türkcə ilə” bütün Asiyanı gəzib dolaşmaq olurdu, deyirdilər.
İllər öncə bir uyğur dostumla Uyğur türkcəsində bu gün də işlədilən, ancaq Azərbaycan türkcəsindən köhnəlmiş-arxaikləkmiş damğasıyla repressiyaya məruz qalan, yalnız müəyyən bölgələrimizdə danışılan sözləri qruplaşdırmışdıq. Nə qədər söz bazası yaranmışdı. Əgər davam etsək, bu sayı artan nisbətlə çoxalda bilərdik.
Sözsüz ki, bu prosesdə milli varlığımızın böyük çoxluğunu təmsil edən, tarixi dovlətciliyimizin bürokratik və mədəni yapısının formalaşdığı əsas məkanı – Güney Azərbaycan faktorunu da unutmamalı, güneyli soydaşlarımızın rəsmi olmasa da folklorda, məişətdə yaşada bildikləri bir çox özəllikləri dilimizə və ümummilli dəyərlərə gətirməyi bacarmalıyıq.
Bu, həm də unutdurulan-unudulan milli adət-ənənələrimizin, mifik yaddaşımızın xatırlanmasına, etnoqrafik cəhətdən keçmişimizlə bu günümüzün uzlaşmasına, etnopsixologiyamızın tarixi keçid proseslərinin çözülməsinə, qrafik təsvirinin cızılmasına, bütövləsməsinə şərait yaradan etimoloji alət, mənəvi-ideoloji silah rolunu oynaya bilər, qəlibləşmiş, ancaq dərk edilməyən, yaşaması arzulanan bütün dəyərlərimizin mahiyyəti üzrə funksiallaşmasına, canlanmasına gətirib çıxarardı.
Bir sözlə, mənə Anamın şivəsindən eşitdiyim, topuq vurub danışmağa basladığım öz dilim bəs edər. Yetər ki, rahat buraxılsın, 30-cu illərdən başlayaraq ixtisar edilmiş yüzlərlə, bəlkə də minlərlə kəliməsi bərpa edilsin, tarixi Azərbaycan coğrafiyasının əməldə də olmasa, fikirdə, ruhda, məişətdə bütövləşməsi başlıca meyar seçilsin. Ən əsası da bu dilin oğurlanmış adı bərpa edilsin. O zaman “Azərbaycan dili” və ya “türkcə” anlayışları arasında süni uzaqlıq və rəqabət əlaqəsi aradan qalxar, tarixən təbiyyən mövcud olmuş ortaq ədəbiyyatımızı, şifahi Xalq yaradıcılığını əks etdirən, birləşdirən söz bazamız ortaq miras və dəyər kimi əlçatan və işlək olar.
Yüz faiz əminəm ki, bu orqanik milli keyfiyyət cilalanmasından sonra mədəniyyətimizin və ədəbiyyatımızın, o cümlədən onun sözlü inikası olan Dilimizin yenilənmiş zühuru qaçılmaz olacaq.