BAYRAQDAR MEDİA – “Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın ona Azərbaycan-Türkiyə alyansına qarşı durmaqda kömək edə biləcəyi ilə bağlı ümidlərini tam olaraq itirib. Rusiya buna qadir deyil. Ukrayna Rusiya ordusunun hərbi gücünü o qədər zəiflədib və bu alayarımçıq imperiyanın, şəxsən Vladimir Putinin nüfuzunu o qədər məhv edib ki, bu dövlət artıq ciddi geosiyasi oyunçu olmaqdan çıxıb. Axı Ermənistan-Azərbaycan münaqişəsi də daxil olmaqla, belə mürəkkəb və uzun müddətli münaqişələri nüvə silahı ilə deyil, nüfuz hesabına həll edirlər.”
Bu sözlər ukraynalı diplomat, beynəlxalq hüquqçu, hazırda isə Ərazi Müdafiə Qüvvələrinin könüllüsü Vadim Tryuxana aiddir.
Ekspert BAYRAQDAR MEDİA-ya verdiyi açıqlamada qeyd edib ki, son vaxtlar məhz buna görə də Ermənistanın Baş naziri Rusiyadan ümidini üzüb: “Ona görə də N.Paşinyan son vaxtlar, birincisi, Rusiyadan məsafəli davranır, hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistan ərazisindəki təlimlərini ləğv edib, ikincisi də Qərbdə daha effektiv böyük tərəfdaşlar tapmağa çalışır”.
“Əslində, Ermənistan üçün yetərincə təhlükəli durum yaranıb. 30 ildən çoxdur ki, İrəvanda Moskvaya güvəndilər. Hətta Avropaya inteqrasiyadan imtina edildi. NATO ilə yaxınlaşma kursu haqqında isə heç danışmağa dəyməz. İndi də özlərini “Qoca dənizdə” adlı məşhur rus nağılında olduğu kimi, “qırılmış novun qarşısında”kı qarı kimi hiss edirlər”, – deyə V.Tryuxan bildirib.
V.Tryuxan əlavə edib ki, “bütün bunlarla bərabər, şəxsi qənaətimə görə, Qərb Ermənistanı belə qoyan deyil. Çünki Ermənistan Qərbin Güney Qafqazda siyasətini yürütməsi üçün tərəfdaş ola bilər”.