Press "Enter" to skip to content

Uduzan BİZ olmayaq!

Nadir Azəri

Son yeniləmə: 20 Fevral 2023 16:25

Yaxud Türkiyə müxalifəti və “beşinci kolon” mənəvi baxımdan enkaz altında qaldı

BAYRAQDAR MEDİA – “Söhbət Türkiyə Cümhurbaşqanının yol verdiyi “günahlar”dan gedir. Birinci “günah” odur ki, R.T.Erdoğanın rəhbərlik etdiyi Türkiyə müstəqil daxili və xarici siyasət həyata keçirir. Artıq hansısa xarici dövlətin diqtəsi deyil, dövlətin və xalqın milli maraqları əsasında reallaşan bu siyasət nəticəsində Türkiyə qlobal güc mərkəzlərindən birinə çevrilib. İkinci “günah” odur ki, Türkiyə Qərbin imperialist dairələrinin Suriya, Liviya, İraq, o cümlədən ərəb dünyasında oynamaq istədiyi çirkin oyunların qarşısında keçilməz sədd çəkir. Üçüncü “günah” odur ki, Türkiyə özünün müstəqil hərbi sənaye kompleksinə, özü istehsal etdiyi ən müasir döyüş silahlarına malik ölkəyə çevrilib. Dördüncü “günah” odur ki, Türkiyə 2020-ci ildəki 44 günlük Vətən müharibəsində ilk dəqiqələrdən sona qədər Azərbaycanın yanında oldu. Bu müharibədə Azərbaycanın əldə etdiyi tarixi qələbə nəticəsində regionda yeni reallıq yaranıb ki, dünyanın bütün gücləri həmin reallıqla barışmaq zorundadır. Beşinci “günah” odur ki, Türkiyə Azərbaycanla birlikdə türk dünyasının gerçək anlamda birləşməsini təmin edir. Əlbəttə, bu “günah” siyahısını uzatmaq olar. Amma elə bu sadalananlar da Türkiyə Cümhurbaşqanının timsalında qardaş ölkənin niyə imperialistlərin qəzəbinə tuş gəldiyi haqqında təsəvvür yaratmağa imkan verir”.

II Abdülhamit və Recep Tayyip Erdoğan

Yuxarıda təqdim etdiyimiz bu hissə 20 dekabr 2021-ci il tarixli “II Abdülhamit və Recep Tayyip Erdoğan” başlıqlı köşəmizdən götürülüb. Növbəti köşə yazımıza məhz bu hissə ilə başlamağımız heç də təsadüfi deyil və bunun səbəbini bir qədər sonra açıqlayacağıq. Hələlik isə onu qeyd edək ki, fevralın 6-da baş verən Kahramanmaraş mərkəzli dəhşətli zəlzələ təkcə qardaş Türkiyəni deyil, türk dünyasını və ümumilikdə insanlığı kədərə qərq etdi.

Yunan qədər ola bilməyən Türkiyə müxalifəti

Həmin zəlzələnin səbəbləri, Azərbaycan başda olmaqla dünyanın müxtəlif yerlərindən olan ölkələrin qardaş Türkiyəyə yardıma gəlməsi barədə bu günə kimi ətraflı bəhs edildiyi üçün, bu köşəmizdə onlara toxunmaq niyyətində deyilik. Sadəcə zəlzələdən sonra üzərində dayanılması vacib olan bir məqamı xüsusi olaraq qeyd etməyi özümüzə borc bilirik.

Atatürk ruhu, Erdoğan qətiyyəti, İzmir marşı…

Bu, Türkiyənin qonşusu Yunanıstan və yunanlarla bağlıdır. Bu zəlzələyə qədər Yunanıstanla Türkiyə arasında birinci tərəfin davranışı ucbatında gərginlik mövcud idi. Lakin Yunanıstan dövləti dəhşətli faciədən dərhal sonra Türkiyəyə yardım etdi. Elə yunan xalqı da Türkiyə dövləti və xalqına yardım üçün səfərbər olundu.

Çox təəssüflər olsun ki, Türkiyə müxalifəti və “beşinci kolon” yunan qədər ola bilmədi. Dünya Türkiyənin köməyinə qaçanda, Türkiyə müxalifəti və bu düşərgənin dəstəkçiləri hökuməti, həmçinin hökumətin timsalında dövləti və xalqı hədəfə aldılar. Hər cür çirkin addımlara əl atdılar və hazırda da atmaqdadırlar.

İnformasiya çirkliliyi, yaxud düşməndən də betər müxalifət

Türkiyə müxalifətinin ölkə və xalq üçün çətin günlərdə əl atdığı çirkin vasitələrdən biri də müxtəlif sosial şəbəkələrdə, mediada və xalq arasında dezinformasiyaların yayılmasıdır. Türkiyə Cumhurbaşkanlığı İletişim Başkanı Fahrettin Altunun da bəyan etdiyi kimi böyük bir təbii fəlakət zamanı belə müəyyən qruplar müxalifət adı altında dezinformasiyaya legitimlik qazandırmağa çalışır və Türkiyəyə qarşı psixoloji müharibə aparatına çevrilir.

Müxalifətin dezinformasiya siyasəti, daha dəqiq desək, düşməndən də betər düşmənçilik etməsi ilə bağlı faktlara gəlincə, Cümhurbaşqanlığı İletişim Başqanlığı Dezenformasyonla Mücadele Merkezinin aparılan araşdıma nəticəsində ortaya çıxardığı faktlar vəziyyətin hansı həddə olması, o cümlədən müxalifətin antidövlət, antixalq fəaliyyyənin boyutlarını bütün çılpaqlığı ilə ortaya qoyur. Təkcə bir faktı deyək ki, 6-18 fevral tarixləri arasında müxtəlif sahələri əhatə edən çirkin dezinformasiyaların sayı yüzə yaxın olub.

Çox təəssüf edirik ki…

Təbii ki, Türkiyə Cümhurbaşqanlığı İletişim Başqanlığı bu dezinformasiyaların, düşməncəsinə yayılan əsassız xəbərlərin hamısını tutarlı faktarla təkzib edib.

Məsələn, müxalifət, guya zəlzələ bölgəsində dağılan binaların böyük əksəriyyətinin 1999-cu ildən sonra tikildiyini iddia edib. Ancaq Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin rəsmi araşdırma nəticəsində yaydığı məlumata görə, bu binaların 98 faizi 1999-cu ildən əvvəl tikilib.

Yaxud başqa bir qərəzli yanaşma. Müxalifətə yaxınlığı ilə seçilən bəzi media orqanlarında “Adıyamanda fəlakət bölgəsində bir nəfər də olsun Diyanət məmuru yoxdur” iddiası səsləndirilib. Lakin həmin iddialara cavab olaraq bildirilib ki, Kahramanmaraşda baş verən zəlzələlərdən zərər çəkən Adıyamanda Diyanət İşləri Başçılığına bağlı 1500 məmur iş və yardım fəaliyyətlərində iştirak edir.

Zəlzələ bölgəsində dezinformasiya ilə mücadilə

Diyanət məmurlarından söz düşmüşkən, bəzi sosial şəbəkələrdə şəxsən bəndənizin rast gəldiyi bir məqamı qeyd etməyi özümə borc bilirəm. Orada biriləri “İqtidar zəlzələ bölgəsinə diyanət təmsilçiləri göndərir. İndi azan çəkmək, yaxud Quran oxumaqdansa, insanları dağıntılar altından çıxarmaq lazımdır” deyə paylaşımlar edirdi.

Bütün bunlardan sonra bircə söz qalır – Adamın azacıq da olsa vicdanı olmalıdır! Həmçinin, onu da qeyd etmək vacibdir ki, Türkiyə müxalifəti və “beşinci kolon” mənəvi baxımdan bu zəlzələnin enkazı altında qaldı.

Elə edin ki, seçiminiz türk dünyasını peşman etməsin!

Bu köşə yazımıza 20 dekabr 2021-ci il tarixli “II Abdülhamit və Recep Tayyip Erdoğan” başlıqlı köşəmizdən bir hissəni verməklə başlamışdıq. Elə həmin köşədən başqa bir məqamı xatırlatmaqla isə yazımızı tamamlamaq istəyirik.

Orada “Deməyimiz odur ki, türkiyəli bacı-qardaşlarımız oyuna gəlməsinlər. Bu gün “R.T.Erdoğan getsin də, kim gəlir-gəlsin” anlayışı ilə hərəkət etmək türk dünyasına xəyanət olar. Çünki hədəf taxtasına qoyulan R.T.Erdoğan deyil, Türkiyə Cümhuriyyəti və qardaş ölkənin timsalında bütün türk dünyasıdır. Odur ki, “R.T.Erdoğan getsin də, kim gəlir-gəlsin” fikrinə düşmək, əslində, “mənim evimdə bir tikə çörəyim olsun da, Türkiyənin halı nə olursa-olsun” fikrinə düşmək qədər təhlükəlidir, vahimdir! Əziz bacı-qardaşlarımız, çörəksiz qalmaq olar, bu hal müvəqqətidir. Amma Vətənsiz qalmaq olmaz. Vətənsizlər yalnız qullar, kölələr olur” deyə, qeyd etmişdik.

Hesab edirik ki, bir il iki ay öncə vurğulanan bu məqamlar bu gün də öz aktuallığını qoruyur. Bu gün qardaş Türkiyədə hər kəs bilməlidir ki, “R.T.Erdoğan getsin də, kim gəlir-gəlsin” fikrinə düşmək, təhlükəli olmaqla yanaşı Türkiyəyə, o cümlədən bütün türk dünyasına xəyanətdir.

P.S. Bu köşəni yazarkən Türkiyənin TRT1 kanalında “Cep Herkülü: Naim Süleymanoğlu” filmi göstərilirdi. O filmdə Bolqarıstan türklərinin ötən əsrin 50-ci illərində kommunist rejiminin zülmünə məruz qalmasından bəhs edilir. Baxmayanlar üçün bu filmə baxmağı tövsiyə edirəm.

Əziz Türkiyəli bacı-qardaşlarımız bu filmə baxın və unutmayın ki, bu gün dünyanın müxtəlif nöqtələrində hələ də dəstəyə ehtiyacı olan (ötən əsrin 50-ci illərində Bolqrasıtan türkləri kimi N.A) türklər var. Onları naümüd buraxmamaq üçün ayqı-sayıq olun. Türkiyədə keçiriləcək növbəti Cümhurbaşqanlığı seçimində türk dünyasının gələcəyinin daha da güclü olması üçün Recep Tayyip Erdoğana səs verin. Elə edin ki, uduzan BİZ olmayaq! Elə edin ki, seçiminiz türk dünyasını peşman etməsin!

Mission News Theme by Compete Themes.