BAYRAQDAR MEDİA – Fevralın 20-də sürgündəki Rusiya parlamenti yeni konstitusiya layihəsini təqdim edəcək.
Bu haqda xəbəri IdelReal.org saytı yayıb.
Xəbərdə deyilir ki, 2014-cü ildən mühacirətdə yaşayan, Rusiya Dövlət Dumasının keçmiş üzvü olmuş İlya Ponomaryov bu təşəbbüsün önündə gedir.
O da qeyd edilir ki, “Rusiya xalq deputatlarının I qurultayı” 2022-ci ilin 5-7 noyabr tarixlərində Varşava yaxınlığındakı Yablonna məntəqəsində keçirilib. Əsas təşkilatçı qismində də İ.Ponomaryov çıxış edib.
Bildirilir ki, bu toplantıda “Sülh haqqında Akt”ın qəbul edilməsi gözlənilir. Sənəddə Rusiyanın Donbas və Krım da daxil olmaqla işğal etdiyi bütün Ukrayna torpaqlarından çıxması üçün çağırış nəzərdə tutulur. Eyni zamanda Rusiya öz ordularını bütün başqa ölkələrin ərazisindən çıxarmalıdır.
Xəbərdə deyilir ki, artıq müxtəlif səviyyəli 60 deputat tədbirdə iştirakını təsdiq edib.