Yeganə Hacıyeva: Nikol Paşinyanın məğlub durumu beynəlxalq mətbuatın və xarici müşahidəçilərin diqqətindən yayınmadı
BAYRAQDAR MEDİA – “Ümumilikdə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüş Azərbaycan rəhbərliyinin üstünlüyünün növbəti dəfə nümayişi oldu”.
Bunu BAYARQDAR MEDİA-ya özəl açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.
Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin ABŞ Dövlət katibi Entoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə birgə görüşünü dəyərləndirən politoloq bildirib ki, Azərbaycan rəhbərinin qətiyyəti və liderlik keyfiyyəti bundan öncəki görüşlərdəki kimi bu görüşdə də öz sözünü dedi: “Bu dəfəki görüşdə də bizim gözləntimizdən başqa heç nə baş vermədi. Biz nə gözləyirdiksə, o da oldu. Proses hər iki tədbirdə ümumilikdə Azərbaycan tərəfinin üstünlüyü ilə keçdi”.
Y.Hacıyeva xatırladıb ki, Konfransdan öncə Ermənistan rəhbərliyi münasibətlərin gələcəyinə yönəlik spekulyativ mesajlar vermişdi: “Lakin Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və Azərbaycanın milli maraqlarını ifadə edən mövqeyi qarşısında həmin mesajlar bu görüşdə dilə gətirilmədi. Prezidentin qətiyyətinə əsaslanan mövqeyimizə gəlincə, cənab İlham Əliyevin görüşdən sonra Azərbaycan kanallarına müsahibəsində bəyan etdiyi kimi, Azərbaycanın mövqeyi birmənalıdır, açıqdır. Dövlət başçısı, “mən bunu qapalı görüşlərdə də ifadə edirəm, rəsmi açıqlamalarımda da. Bu gün Dövlət katibi Blinkenin təşəbbüsü ilə keçirilmiş tədbirdə də ifadə etmişəm, biz haqqın, ədalətin tərəfdarıyıq. Daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməmişik və imkan verməyəcəyik. Qarabağ Azərbaycandır! Bunu mən müharibədən əvvəl demişəm. Bu gün bunu təkcə mən yox, bütün dünya nəinki deyir, həm də görür. O ki qaldı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına, yenə də burada da bizim mövqeyimiz tamamilə məntiqlidir. Biz istəyirik ki, bu normallaşma tezliklə baş versin, o ədavət dövrü arxada qalsın. Əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, əminəm ki, yaxın zamanlarda buna nail olmaq mümkün olacaqdır” dedi.
“Dövlət başçısı həmçinin, “biz istəyirik ki, Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxsın. Biz imkan verə bilmərik ki, Qarabağ məsələsi hər hansı bir formada Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişə daxil edilsin. Bunu mən bu gün cənab Blinkenin iştirakı ilə keçirilmiş görüşdə də bildirmişəm. Biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun. Bunun da tarixi məntiqi var. Biz istəyirik ki, Ermənistan bizə qarşı ərazi iddialarından əl çəksin və normallaşma olsun” deyə bəyan etdi. Hesab edirəm ki, Azərbaycan Prezidenti kifayət qədər açıq formada dövlətimizin mövqeyini bir daha bəyan edib. Onu da qeyd edim ki, məhz qətiyyətli siyasət sayəsində Azərbaycanın ədalətli mövqeyi də beynəlxalq birlik tərəfindən anlayışla qəbul edilir”.
Y.Hacıyevanın sözlərinə görə, eyni hal Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Dağları aşmaq? Güney Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclas zamanı da müşahidə edilib: “Əvvəlcə ümumilikdə bu konfransa qatılmayacağını bildirsə də Ermənistan Baş naziri tədbirdə iştiraka məcbur oldu. Düzdür, o bundan öncəki konfransda olduğu kimi yenə də biabır olmamaq üçün sadəcə qısa çıxışa üstünlük verdi. Lakin bu halda belə Nikol Paşinyanın məğlub durumu beynəlxalq mətbuatın və xarici müşahidəçilərin diqqətindən yayınmadı”.