Press "Enter" to skip to content

MEK-də şəhidlərin oxuduğu kitablar qorunur

Röksanə Səfərzadə və Röya İsrafil

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasının Qarabağ müharibəsi qəhrəmanları fondunda I və II Qarabağ müharibəsi, 2020-ci il Tovuz və 2016-cı il Aprel döyüşlərindəki şəhidlərin şəxsi kitabxanalarından kitablar saxlanılır.

Kitablar içində şəhidlərin mütaliə etdikləri həm bədii, həm elmi, həm də fərdi inkişaf kitabları, eləcə də şəhidlərin özlərinin də müəllifi olduqları şeirlərdən ibarət kitablar yer alır.

Fondun rəhbəri, şəhid polkovnik Babək Səmidlinin bacısı Röksanə Səfərzadə BAYRAQDAR MEDİA-ya bildirir ki, sözügedən kitabları şəhidlərin ailələri fonda hədiyyə edib: “Şəhid ailələri müntəzəm olaraq fondu ziyarət edir. Biz də düşündük ki, şəhidlərin öz oxuduqları kitabları da ailələrinin icazəsi ilə burada toplayaraq guşə yaradaq. Ailələri də bununla razılaşdı və kitabları fonda bağışladılar”.

Röksanə xanım deyir ki, bu guşə fonda gələnlərin xüsusi diqqətinə səbəb olur: “Qeyd edim ki, fondu ziyarətə gələn məktəblilərin, tələbələrin, müxtəlif qurumların nümayəndələrinin diqqətini bu guşə xüsusi olaraq cəlb edir. Vaxtilə sağ olan insanların toxunduqları, hansısa hisslərə qapılıb oxuduqları bu kitabları vərəqləmək onlarda bir başqa təsir oyadır”.

Onu da bildirək ki, şəhid general Polad Həşimovun və şəhid polkovnik Babək Səmidlinin mütaliə etdikləri “Azərbaycan VII-IX əsrlərdə” (Ziya Bünyadov), “Abdülhamid’in akıl oyunları” (Ömer Faruk İspir) əsərləri də kitablar sırasındadır.

Qeyd edək ki, sözügedən fond 2021-ci il 25 iyun tarixindən MEK-də fəaliyyət göstərir.

Şəhidlərin bir zamanlar oxuduğu kitablar
Şəhidlərin bir zamanlar oxuduğu kitablar
Mission News Theme by Compete Themes.