Məcid Cavadi: Fars şovinstliyinə əsaslanan hansısa bir təşkilata dəstək vermək ziyanımıza işləyə bilər
BAYRAQDAR MEDİA – “Xalq Müsahidləri Təşkilatı ötən əsrin 60-cı illərində yaranıb. Bu, həm solçu, həm də islamçı bir təşkilatdır. Bu təşkilat İran İslam İnqilabının baş verməsində öndə gedən, aparıcı rol oynayan təşkilat olub. Lakin 1979-cu il inqilabından sonra bu təşkilat təmsilçiləri ilə Xomeyni arasında ciddi fikir ayrılığı və narazılıq yarandı. Bundan sonra Xalq Müsahidləri Təşkilatı şah rejiminə qarşı olduğu kimi, molla rejiminə qarşı da silahlı mübarizə aparmağa başladı”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi deyib.
O, qeyd edib ki, təşkilat əvvəlcə İraqa, sonra isə Avropaya köçüb: “Uzun illərdir ki, fars-molla rejimi ilə silahlı mübarizə aparırlar. Lakin son bir neçə il ərzində bunlar silahlı mübarizədən siyasi mübarizəyə keçiblər. Amma molla rejiminə qarşı müxalifətdə olan ən güclü qruplardan biridir”.
Xatırladaq ki, Xalq Mücahidləri Təşkilatının“millətlərin muxtariyyəti” ilə bağlı şüarlarında kürdləri, ərəbləri, türkmənləri qeyd edilir, amma türklər və Azərbaycandan bəhs edilmir. Araz News xəbər verir ki, Məryəm Rəcəvinin saytında “İranda etniklərin bərabərliyi” haqqında yerləşdirilmiş bir mətndə Güney Azərbaycan türkləri saxtalaşdırılmış “azəri” sözü ilə qeyd olunub.
Öz növbəsində məsələyə münasibət bildirən M.Cavadi deyib ki, Xalq Mücahidləri Təşkilatının bu cür yanaşması təsadüfi deyil: “Çünki bu təşkilat da şahçılar kimi mərkəziyyətçi mahiyyət daşıyırlar. Fars kimliyi, dili, mədəniyyəti əsasında fəaliyyət göstərirlər. Yəni son yüz ildə formalaşmış İran fars kimliyi tezisini müdafiə edirlər. Bu tezisinin mahiyyətinə uyğun olaraq da İrandakı digər millətlərin hüquqnu tam olaraq qəbul etmirlər. Düzdür son illər bunlar üzdə guya digər millətlərin də hüquqlarını tanıdığına dair görüntü yaratmaq istəyir. Amma gerçəkliyə gələndə hər şey üzə çıxır. Bəlli olur ki, bunların qeyri-fars millətləri haqqında düşüncələri üzdə bir, arxada başqa cürdür”.
M.Cavadinin sözlərinə görə, Xalq Mücahidləri Təşkilatı Güney Azərbaycan türklərinə yanaşmada isə şahçılar və molla rejimindən də şovinist mövqe sərgiləyir: “Bunlar millətlərin haqlarından danışanda kürd, bəluc və s. bəhs etsələr də, Azərbaycan türklərini yada belə salmırlar. Sadəcə məcburiyyət qarşısında qalanda ötəri “azəri” kəlməsi ilə məsələnin üstündən keçirlər. Ciddi bir türk fobiləri var. Bütün bunlar isə bir daha o qənaəti qətiləşdirir ki, hazırda fars-molla rejiminin süqutu üçün atılan addımlarda ayıq-sayıq olmalı, Xalq Mücahidləri Təşkilatı kimi təşkilatların oyununa dəstək verməməliyik. Çünki fars şovinstliyinə əsaslanan hansısa bir təşkilata dəstək vermək ziyanımıza işləyə bilər. Deməli, bizim yeganə çıxış yolumuz Güney Azərbaycan Cümhuriyyətinin qurulmasından keçir”.