Press "Enter" to skip to content

Ermənistan Baş naziri inadından əl çəkməyə hazır görünür

Azər Həsrət

Son yeniləmə: 21 Fevral 2023 15:50

BAYRAQDAR MEDİA – Fevralın 18-də Almaniyanın Münxen şəhərində Prezident İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla təmasları müxtəlif aspektlərdən təhlil edilir. Əlbəttə, bu təhlillər yetərincə güvənlidir və şübhə altına almaq fikrimiz yoxdur. Lakin bir məqam, belə anlaşılır ki, əksər təhlilçilərin, yaxud da heç kimin diqqətini çəkmir.

O da mümkündür ki, bu məqam bəlkə də kiminsə diqqətini çəkib, sadəcə bizim xəbərimiz yoxdur. Onu da istisna etmirik. Amma ümumi xəbər-təhlil axışında buna rast gəlmədiyimiz üçün düşünürük ki, indi sözünü edəcəyimiz məqam diqqətdən qaçıb.

Beləliklə, N.Paşinyanın davranışları, çıxışları, ümumi ovqatı ondan xəbər verir ki, o, inadkarlıqdan əl çəkib Azərbaycanın şərtlərini tam olaraq qəbul etməyə hazırdır. Yəni anlayıb ki, gec-tez bu şərtlər altında sülh müqaviləsi imzalamalı olacaq. Ona görə də vaxtı boşuna xərcləməmək üçün bəhanə axtarır.

N.Paşinyanın istəyi nədir? Belə baxanda bəzən sərt çıxışlar edirmiş kimi görünür. Doğrudanmı o çıxışları edən N.Paşinyanın şəxsi liderlik kimliyidir? Bizə görə deyil.

N.Paşinyan Azərbaycanın sərt və qəti mövqeyi qarşısında sadəcə özünü o cür aparmağa məcburdur. Əks təqdirdə onun işi çox çətin ola bilər. O mənada ki, bir tərəfdən ağası Rusiya, digər tərəfdən bacısı Fransa, üçüncü tərəfdən də diaspora erməniləri onu küncə sıxa bilərlər və sıxırlar. Ki, sən niyə zəif çıxış edirsən, özünü yetərincə müdafiə edə bilmirsən?

Ona görə də N.Paşinyan məhz bizim gördüyümüz kimi davranır. Üzərinə gedilmədikdə özünü təmkinli aparır, hətta bağlı qapılar arxasında Azərbaycanla razılaşır (Prezident İlham Əliyevin ABŞ Dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə üçlü görüşmədən sonra dediyi fikirlər buna sübutdur). Açıq müstəvidə üzərinə gedildikdə isə məcburən cavab verməli olur, hətta bir qədər də qətiyyətli görünməyə çalışır.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş, İ.Əliyev və N.Paşinyanla bərabər Gürcüstan Baş naziri və ATƏT-in fəaliyyətdə olan sədrinin qatıldığı paneldəki davranışı da Ermənistan Baş nazirinin məhz bizim dediyimiz yanaşmasını təsdiq edir. O, çıxışında açıq şəkildə işarə etdi ki, gəlin, artıq bir-birimizin üstünə getməkdən imtina edək. Bu da səbəbsiz deyildi. Çünki Prezident İ.Əliyevin sərt və əsaslı ritorikası qarşısında dura bilməyəcəyini N.Paşinyan illər öncə anlayıb, o baxımdan inadkarlıqdan imtina etməkdən başqa yolunun qalmadığını bilir.

Belə bir durumda bizim Azərbaycan tərəfi olaraq N.Paşinyana şans verməyimiz lazımdır deyə düşünürəm. Məncə artıq onun üzərinə sərt şəkildə getməkdən imtina etməliyik. Hətta Azərbaycan tərəfi ikili görüşlərin intensivləşdirilməsi üçün çağırışlar etməli, xalq diplomatiyasını sürətləndirmək üçün təşəbbüslər etməlidir. Görüş yeri olaraq Tiflis və Ankara təklif edilməli, ardından da Bakı və İrəvanda təmaslar üçün ilkin siqnallar verilməlidir.

Bu arada kimsə çıxıb deyə bilər ki, bəs Ermənistanın Qarabağla bağlı iddiaları? Qəti əminəm ki, Ermənistanın hazırkı rəhbərliyinin Qarabağ adlı bir dərdi yoxdur. Baxmayaraq ki, onlar məsələni bu və ya digər şəkildə gündəmdə tutmağa çalışırlar, N.Paşinyan bir an öncə bu Qarabağdan qurtulmaq istəyir. Qarabağ birmənalı olaraq Rusiyanın gündəmdə tutmaq istədiyi “problemdir” və biz də işi ona uyğun qurmalıyıq. Ermənistanla anlaşmanı sürətləndirə bilsək, Rusiyanın da bəhanələrini əlindən almış olarıq.

Prosesi sürətləndirmək üçün qardaş Türkiyənin Xarici İşlər Nazirliyi bu müstəvidə üçlü görüşmədən başlaya bilər. Ardından da vətəndaş cəmiyyəti və media təmaslarını təşkil etmək olar. Bu da bizim düşüncəmizdir.

Mission News Theme by Compete Themes.