Son yeniləmə: 20 Fevral 2023 10:06
BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində elan olunmuş “Düşün və yarat!” adlı yaradıcılıq müsabiqəsinə əsər qəbulu başa çatıb.
MN-nin paylaşdığı məlumatda bildirilib ki, müsabiqənin yekun sərgisi martın 1-də Xətai Sənət Mərkəzində açılacaq.
Xəbərdə daha sonra qeyd olunub ki, “12 yaşdan yuxarı hər kəsin qatılmaq imkanı olan müsabiqəyə min nəfərə yaxın iştirakçı ümumilikdə 1 min 500-ə qədər rəsm əsərinin, habelə gil, karton, kağız, metal parçası, plastmas və s. materiallardan hazırlanmış əşya və texnoloji sistemlərin fotolarını təqdim edib. İlkin seçimlərdə 300-ə yaxın nümunə sərgilənmək üçün seçilib. Seçimlərdə müəllifin yaşı nəzərə alınmaqla ortaya qoyduğu yaradıcılıq əsas götürülüb”.
Sərgi iştirakçıları 27 fevral tarixinə qədər fotoları paylaşılmış əl işlərini XSM-nə təqdim etməlidirlər.
Qeyd edilir ki, nümayiş olunan əsərlər geri qaytarılacaq.