BAYRAQDAR MEDİA – Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə martın 18-də keçiriləcək test imtahanına qeydiyyat elan edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 20-də Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Məlumatda bildirilib ki, imtahanda iştirak etmək istəyən dövlət qulluqçularının DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat Mərkəzin saytında verilib) istifadə etmək olar. Məlumata əsasən, “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır: “Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır. Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı AB, AC, BA qrupları üzrə martın 18-də saat 10:00-da kompüter vasitəsilə, BB qrupu üzrə isə saat 11:00-da kağız daşıyıcılar vasitəsilə keçiriləcək”.
Qeyd edilib ki, test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet portalında BB qrupu üzrə martın 6-da saat 11:00-dək, AB, AC, BA qrupları üzrə isə martın 16-da saat 11:00-dək həyata keçiriləcək: “Xatırladaq ki, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanında aşağıda qeyd edilən kateqoriya üzrə şəxslər iştirak edə bilərlər: Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən və dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində, lakin həmin sertifikatın qüvvədə olma müddətinin bitmə tarixindən gec olmayaraq; “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan və daha yüksək inzibati vəzifənin tutulmasına iddia edən dövlət qulluqçuları”.