BAYRAQDAR MEDİA – Fevralın 17-si saat 19:00-da açılacaq “Azərbaycan nağılı” adlı fərdi sərgi Milli Məclisin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi, “Azərxalça” ASC, Rəssamlar İttifaqı və Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Bu barədə paylaşılan xəbərdə deyilir ki, Xalq rəssamı Arif Hüseynovun 80 illik yubileyi və yaradıcılığının 55 iliyi münasibətilə keçiriləcək sərgidə ustadın geniş və rəngarəng yaradıcılıq aləmindən bir silsilə – Azərbaycan xalq nağıllarına, hər kəsin tanıdığı və sevdiyi nağıl obrazlarına həsr etdiyi 54 qrafik əsər nümayiş olunacaq.
Xəbərdə daha sonra bildirilib ki, “ekspozisiyaya daxil edilən, rəssamın ilk dəfə rəqəmsal çap formatında işlədiyi əsərlərində milli nağıllara parlaq və fərdi cizgilərlə yeni həyat bəxş edilib, onlardakı sehr, müdriklik, gözəllik, ülviyyət, xalqın mifoloji dünyagörüşü xüsusi peşəkarlıqla təsvir olunub. Arif Hüseynovun özünəməxsus, orijinal üslubda əsl sənətkarlıq və sevgi ilə yaratdığı əsərlər Azərbaycanın xovsuz və xovlu xalçalarının məşhur kompozisiyaları ilə haşiyələnib”.
Qeyd edək ki, sərgi fevralın 24-dək davam edəcək.