BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanası Elektron Resurslar şöbəsinin əməkdaşları “Heydər Əliyev İli” çərçivəsində Vikipediyada Ulu öndər ilə bağlı 100 məqalə yaradacaq.
2023-cü il mayın 10-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Prezident İlham Əliyev 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.
Sözügedən şöbə də öz növbəsində buna uyğun olaraq Vikipediyada 100 məqalə yaratmaq qərarına gəlib.
Şöbənin baş mütəxəssisi Xəyalə Məmmədli bu mövzuda yaradılan məqalələrlə bağlı suallarımızı cavablandırdı.
-“Heydər Əliyev ilinə həsr olunmuş 100 məqalə” ideyası haqqında ümumi məlumat verərdiniz. Məqalələri yaradarkən əsasən hansı mənbələrə müraciət edirsiniz?
-Öncə qeyd edim ki, “Heydər Əliyev ilinə həsr olunmuş 100 məqalə” ideyası təbii ki, Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixində imzaladığı Sərəncamdan sonra ərsəyə gəlib. Bu layihə istiqamətində yaradılan və bundan sonra yaradılacaq məqalələr silsiləsinə isə Azərbaycan iqtisadiyyatı, tarixi, təhsili, mədəniyyətində Heydər Əliyevin rolu, əməyi, gördüyü işlər və s. daxildir. Məqalələri yaradarkən müxtəlif rəsmi saytlarda yerləşdirilmiş materiallara, əsasən isə kitablardan əldə edilən məlumatlara istinad edirik.
-Sözügedən mövzuda bu günədək nə qədər məqalə yaradılıb?
-Öncə onu qeyd edim ki, biz bu istiqamətdə məqalələrin yazılmasına 2022-ci ilin oktyabrından başlamışıq. Bu günədək isə 70 məqalə artıq hazırdır.
-Bəs yaradılan məqalələr Heydər Əliyev ilə bağlı hansı mövzulardadır?
-Yaradılan məqalələr əsasən Heydər Əliyevin Sərəncamı ilə yaradılmış təhsil müəssisələri, müxtəlif dövlət əhəmiyyətli obyektlər, su elektrik stansiyaları, Ulu Öndərin ölümündən sonra onun adını daşıyan respublika miqyaslı muzey və mərkəzlər, olimpiya mərkəzləri, Heydər Əliyevin adının verildiyi orden, mükafat, fond, medallar və bir çox müxtəlif istiqamətlərə aid ensiklopedik əhəmiyyətli kitabları əhatə edir. Bunların hamısını geniş araşdırıb, hətta deyərdim ki, bir neçə mənbədən dəqiqləşdirib daha sonra məqaləni hazırlamağa başlayırıq. Çünki bildiyimiz kimi, Vikipediyada hər hansı əsli ilə doğru olmayan məlumat olanda o məqalə silinir. Nəticədə də o qədər müddətdə çəkdiyimiz əziyyət boşa getmiş olur. Bunun üçün biz yaratdığımız məqalələrdə hansı məlumatı haradan götürdüyümüzü və ya dəqiqləşdirdiyimizi, həmçinin mənbəni dəqiq şəkildə göstəririk.
-100 məqalənin təxminən nə vaxta bitməsi planlaşdırılır?
-100 məqalənin yazılaraq yekunlaşdırılması aprel ayının əvvəllərində olacaq.
-Xəyalə xanım, məlumat üçün təşəkkür edir, işlərinizdə uğurlar diləyirik.
-Çox sağ olun.
Qeyd edək ki, yaradılacaq olan 100 məqalə tamamlandıqdan sonra MEK bu yöndə təqdimat tədbiri keçirməyi planlaşdırır.