Press "Enter" to skip to content

Turac Hilaldan “Yerlə göy arasında” – TƏQDİMAT

Təqdimatdan görüntü

BAYRAQDAR MEDİA – Fevralın 16-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda gənc şair Turac Hilalın “Yerlə göy arasında” adlı şeirlər və hekayə kitabının işığına yığışmışdıq.

Dəyərli sənət adamı, peşəkar qiraət ustası Pünhan İsmayıllının idarə etdiyi söz-sənət məclisində şairin həmyerliləri olan ziyalılar, həmçinin şeirə-şairə dəyər verən insanlar toplaşmışdı.

Təqdimatın açılışında P.İsmayıllının şairi və kitabını təqdim etmək üçün seçdiyi üslub, məclisin idarə edilməsi zamanı Azərbaycanın söz adamlarına tez-tez müraciət etməsi bu gözəl ortama əlavə rəng qatırdı.

Şairin özü – Turac Hilal, “görmək istədiklərimi və məni görmək istəyənləri burda görürəm” düşüncəsi ilə, əlbəttə ki, çox məmnun görünürdü.

Müəllifin üçüncü kitabıdır “Yerlə göy arasında”. Buna qədər onun “Nazlı çiçək kimiyəm” (2017) və “Mən ki səndən doymadım” (2018) adlı iki kitabı oxuculara təqdim edilib. Təqdim edilib və sevilib hər iki kitab. Ona görə də müəllifin daha bir əsərinin işığına bu qədər dəyərli insanlar – söz və sənət adamları həvəslə toplaşmışdılar.

Təqdimatdan daha bir görüntü
Təqdimatdan daha bir görüntü

Müəllifin yeni kitabı da əvvəlkilər kimi sevgi ilə dolu, vətən eşqilə zəngin, torpağa, anaya bağlı şeirlərlə süslənib.

“İsmayıllı Yazarları” Ədəbi-İctimai Birliyinin sədri Şahməmməd Dağlaroğlunun ön sözü, Səadət Cahangirin redaktorluğu ilə təqdim edilən kitab müəllifin “Sən ruhumun kölgəsi” şeiri ilə başlayır.

Sən ruhumun kölgəsi, sən üfüqün cizgisi,
Şeirimin aşikarı, ürəyimin gizlisi.
Hər kəsin misra-misra axtarıb tapmadığı,
Kimsənin çözmədiyi, kimsənin batmadığı. – deyir müəllif bu şeirində.

Şeirin sonunda isə o,

Məni şair eyləyən eşq sənin əsərindir,
Bütün şeirlərimin ünvanı gözlərindir.
Oxuyanlar, “Leylidə yoxmuş bu hünər” dedi,
Mənə “dəli” deyənlər sənə “bəxtəvər” dedi. – söyləyir.

Kitaba adı verilmiş şeirini isə müəllif,

Bitirdim bu savaşı, zəfəri yaz adına,
Qələbəni elan et sənə təslim qadına,
Bax udduğum dərdlərin göz yaşardan dadına,
Boğazından bir tikə keçsə, bağışlayardım. – misraları ilə başlayır.

Daha sonra o,

Neçə günah işlədim, neçə cür qələt etdim,
Səni sevmək ən böyük suçsa, bağışlayardım. – deyir…

Mahnılar pıçıldadım, şeir yazdım, olmadı.
Sənli xəyallarımda hər gün azdım, olmadı.
Yerlə göy arasında məzar qazdım, olmadı.
Sən olsaydın yerimdə, yaşamazdın, olmadın!
Nə yaxşı ki, varmışam!

Bu bənd isə “Nə yaxşı ki, varmışam!” adlı şeirdəndir.

Bütün şeirlər su kimi içilir bu kitabda. Oxuduqca müəllifin qəlbinin dərinliyindən süzülüb gələn saf bulaq suyu misalı misralar oxucunun ürəyinə bir sərinlik gətirir. Oxucu bu şeirlərdə bəzən özünü görür, bəzən də tanıdıqlarını təsəvvür edir.

Eh, mən də yazıb gedirəm elə. Ən yaxşısı, dəyərli oxucularımızın bu kitabı əldə edib oxuması olardı. Bizim düşüncə və dəyərləndirmələrimiz bizə aiddir. Bəs siz nə düşünürsünüz bu kitab haqqında? Əlbəttə, bu sualın cavabı üçün kitabı oxumaq lazım olacaq.

Mission News Theme by Compete Themes.