Son yeniləmə: 17 Fevral 2023 15:30
BAYRAQDAR MEDİA – Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə gənclərin müvafiq peşələr üzrə bilik və bacarıqlara yiyələnməsi və məşğulluq imkanlarının genişləndirilməsi məqsədi daşıyan “Gənclərin peşə hazırlığına dəstək” proqramına qeydiyyat davam edir.
Dövlət Məşğulluq Agentliyindən BAYRAQDAR MEDİA-ya fevralın 17-də daxil olan xəbərdə deyilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DMA ilə Gənclər Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən proqramda gənclər üçün əmək bazarının tələblərinə uyğun 20 aktual peşə istiqaməti üzrə kurslar təşkil olunacaq. Dövlət sifarişi əsasında adambaşına maliyyələşmə prinsipi əsasında həyata keçiriləcək kurs müddətində işsiz şəxslərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd veriləcək və peşə hazırlığını müvəffəqiyyətlə bitirən şəxslərin məşğulluğunun təmin olunmasına dəstək göstəriləcək.
Xəbərdə həmçinin bildirilib ki, “peşə hazırlığı üzrə məşğələlər nəzəri və praktik hissədən ibarət olmaqla peşə fəaliyyətinin ümumi əsasları, innovasiyalar, ixtisas sahələri kimi təlim modulları üzrə həyata keçiriləcək”.
Qeyd edək ki, sözügedən proqrama ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil almayan, iş axtaran və ya işsiz, 29 yaşınadək könüllü və ya ictimai fəal gənclər müraciət edə bilər. Müraciət edən gənclərin məşğulluq imkanları qiymətləndiriləcək, daha sonra peşə hazırlığına uyğunluğu müəyyən olunmuş şəxslər kurslara cəlb olunacaqlar.