Son yeniləmə: 17 Fevral 2023 15:59
Hüseyn Büyükfırat: Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində torpaqların işğaldan azad olunması üçün bir yumruq kimi birləşdiyi kimi, bu dəfə də Türkiyəyə yardım üçün bir oldu
BAYRAQDAR MEDİA – “Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində davamlı addımlar atılır. Heç şübhəsiz bu sırada Azərbaycan xüsusilə fərqlənir. Zəlzələdən az sonra dəstəyini ifadə edən cənab Prezident İlham Əliyev başda olmaqla bütün Azərbaycan vətəndaşları Türkiyə üçün bir yumruq kimi birləşdilər”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında hazırda təbii fəlakət bölgəsində – Adıyamanda olan Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat deyib.
O, qeyd edib ki, Azərbaycan xalqı bu həmrəyliyi, Türkiyəyə yardım kampaniyasında fəal iştirakı ilə müasir dövrdə yeni bir dastan yazdı: “Mən buna yeni dövrün qardaşlıq dastanı deyərdim. Elə bizlərin, Azərbaycandakı iş adamları, müxtəlif qurumlar və QHT təmsilçilərinin təsis etdiyi “Qardaş Köməyi” Platforması da öz gücünü tarixi bağlarımızdan və müasir dövrdəki bu həmrəylikdən alır. Qeyd edim ki, Türkiyənin Azərbaycandakı səfirliyi, o cümlədən Azərbaycan və Türkiyənin müvafiq qurumları ilə koordinasiyalı şəkildə reallaşdırdığımız kampaniyada Azərbaycan xalqının bu cür fəal iştirakı bizləri qürurlandırır. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində torpaqların işğaldan azad olunması üçün bir yumruq kimi birləşdiyi kimi, bu dəfə də Türkiyəyə yardım üçün bir oldu”.
H.Büyükfırat bildirib ki, kampaniya çərçivəsində toplanan yardımlar artıq Kahramanmaraş, Hatay və Adıyamana çatıb: “Mən özüm hazırda Adıyamandayam. İnşallah, burada Azərbaycan konteynerlərdən ibarət şəhər quracaq. Bunun üçün bizə müvafiq yer ayrılacaq. Adıyamandan sonra isə Hatay və Kahramanmaraşda da eyni addım atılacaq”.
Adıyaman….
Bir şehrin yıkılışına şahid olmak. pic.twitter.com/T5PjNvVhOf— Hüseyin Büyükfırat (@hbuyukfirat) February 16, 2023