Son yeniləmə: 16 Fevral 2023 11:12
Dr. Məmmədrıza Heyət: Türkiyǝnin hansı şǝhǝrindǝ yaşayırsa yaşasın, bütün insanlar Azǝrbayana minnǝtdar olduqlarını ifadǝ edirlǝr
BAYRAQDAR MEDİA – Keçən hǝftǝ Türkiyǝdǝ “ǝsrin fǝlakǝti” olaraq bilinǝn iki böyük zǝlzǝlǝ yaşandı. Zǝlzǝlǝlǝrin şiddǝti o qǝdǝr böyük idi ki, ölkǝnin on rayonu demǝk olar ki, yerlǝ bir oldu”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Keçici Milli Məclisinin üzvü, Təbriz Araşdırmaları Mərkəzinin rəhbəri Dr. Məmmədrıza Heyət deyib.
Dr. Məmmədrıza Heyət təbii fəlakətdən dərhal sonra Türkiyə dövlətinin vətəndaşların yanında olmasını xüsusilə qeyd edib: “Zǝlzǝlǝnin baş verdiyi andan etibarǝn Türkiyə dövləti vətəndaşlaırn yanında oldu. Ümumilikdə həm dövlət, həm də xalq tərəfindən böyük bir sǝfǝrbǝrlik başladı. Dövlət qurumlarının axtarış-xilasetmə işlərində fəal iştirakı, yaralıların dərhal xəstəxanalara yerləşdirilməsi və s. bu kimi addımlar dövlətin öz vətəndaşını tək buraxmadığının təsdiqi idi”.
Müsahibimiz qeyd edib ki, zəlzələdən sonra o, Malatyaya gedib: “Zǝlzǝlǝdǝ böyük ölçüdǝ yıxılan, dağılan rayonlardan biri də Malatyadır. Malatyada enkaz altında qalanlar arasında mǝnim dǝ bir dostum vardı. Ona yardım etmǝk vǝ ailǝsi ilǝ görüşmǝk üçün bölgǝyǝ getdim. Malatyanın içinǝ daxil ola bilmǝsǝm dǝ, zǝlzǝlǝnin yaratdığı fǝlakǝti vǝ hǝyatda olan bölgǝ insanlarını müşahidǝ edǝ bildim. Hǝqiqǝtǝn qorxunc bir mǝnzǝrə ilǝ qarşılaşdım. Qocaman bir şǝhǝrdǝ sağlam bir bina qalmamışdı. Şəhər torpaq qoxuyurdu. İnsanlar pǝrişan vǝziyyǝtdǝ, çarǝsiz bir durumda bir yandan enkaz altındakı ǝzizlǝrini axtararkǝn, digər yandan da nǝ edǝcǝklǝrini, necǝ yeni bir hǝyat quracaqlarını düşünürdülǝr. Bu mǝnzǝrǝni görüb dǝ üzülmǝmǝk, ağlamamaq mümkün deyildi”.
Zəlzələdən dərhal sonra Azərbaycanın qardaş ölkəyə dəstək verdiyinin qürurverici olduğunu deyən müsahibimiz bildirib ki, bu dəstək həyatın bütün sahələrində öz sözünü dedi və hazırda da deyir: “Təsəvvür edirisinizmi, bölgǝdǝki ǝn böyük problemlǝrdǝn biri dǝ maşınların yanacaqla tǝmin edilmǝlǝrindǝki sıxıntılar idi. Lakin bu problem Azǝrbaycanımızın yardımları ilǝ demǝk olar ki, tamamǝn hǝll edildi. Azǝrbaycan dövlǝti vǝ xalqı daha bir dəfə isbatladı ki, “bir millǝt – iki dövlǝt” sözləri şüar deyil, hǝqiqǝtdir. Hǝtta zǝlzǝlǝ sırasında Azǝrbaycan vǝ Türkiyǝ “bir millǝt – bir dövlǝt” kimi davrandı. Türkiyǝnin hansı şǝhǝrindǝ yaşayırsa yaşasın, bütün insanlar Azǝrbaycana minnǝtdar olduqlarını ifadǝ edirlǝr”.
Dr. Məmmədrıza Heyət onu da vurğulayıb ki, Türkiyǝdǝ yaşayan Güney Azǝrbaycan vǝ Qaşqay türklǝri dǝ sǝfǝrbǝr olunub: “Onlar topladıqları yardımları vǝ heyətlərini bölgǝyǝ göndǝrǝrǝk öz bacı-qardaşlarının yanında olduqlarını göstǝrdilǝr. Artıq bütün dünya başa düşmüşdür ki, Türkiyə-Quzey Azǝrbaycan-Güney Azǝrbaycan vǝ bunların can qardaşları olan Qaşqaylar tǝk bir millǝtin övladları olaraq şadlıqda da, kǝdǝrdǝ dǝ tǝk bilǝk vǝ tǝk ürǝk ola bilirlǝr”.