Press "Enter" to skip to content

Vikipediyanın Azərbaycan dilli bölməsi 300 mln dəfə izlənilib

Elnur Eltürk

Son yeniləmə: 16 Fevral 2023 10:33

Elnur Eltürk: İnternet resursları inkişaf etdikcə, Vikipediyada da peşəkar fəaliyyət özünü göstərir

BAYRAQDAR MEDİA – Günümüzdə Vikipediya dünyada ən çox müraciət olunan elektron ensiklopediyadır. Müxtəlif dil bölmələri olan Vikipediyanın Azərbaycan dili bölməsində fəaliyyət getdikcə genişlənir. Bu da sevindirici haldır.

Vikipediyanın Azərbaycan dilli bölməsində fəaliyyət, yaradılan məqalələr haqda Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədr müavini, Vikipediya üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk BAYRAQDAR MEDİA-ya açıqlama verib.

Bildirib ki, azad ensiklopediya olan Vikipediya öncə könüllülük prinsipi əsasında formalaşıb və mənbələr çoxaldıqca yaradılan məqalələrin də zənginliyi artır: “Bu gün Vikipediyanın Azərbaycan və xarici dil bölmələrində sistemli fəaliyyət özünü göstərir. Bu onu göstərir ki, könüllülər, idarəçilər öz üzərlərinə düşən işi həyata keçirirlər. Təbii ki, Vikipediya könüllülük prinsipinə dayanır. Bunu nəzərdən qaçırmamalıyıq. İnternet resursları inkişaf etdikcə Vikipediyada peşəkar fəaliyyət də özünü göstərir. Hər gün onlarla məqalə yaradılır və redaktəyə ehtiyacı olan məqalələr əsaslı şəkildə zənginləşdirilir”.

Ekspert Vikipediyanın Azərbaycan dilli bölməsində getdikcə geniş məqalələrin yaradıldığını qeyd edib: “2022-ci ildə Azərbaycan dilli bölmədə 300 milyondan çox izlənmə olub. Bu faktın özü çox şeydən xəbər verir. Vikipediyanın Azərbaycan dilli bölməsində nə qədər çox məqalə yaradılarsa, doğma dilimizdə istənilən mövzunu əlçatan edir. Bir zamanlar eşidirdik ki, ana dilimizdə məqalələr yoxdur və olsa da zəifdir. Ancaq bu gün bunu demək olmaz. Artıq geniş məzmunlu, ciddi mənbələrə söykənən məqalələrin yaradıldığını görürük. Bu işi davamlı etmək zəruridir. Könüllülərin sayının artması diqqətdə saxlanılmalıdır. Bu həm də məqalələrin çoxluğuna səbəb olacaq. Vikipediyada həm keyfiyyətə, həm də kəmiyyətə üstünlük verilməlidir”.

Vikipediyanın həm də təbliğat nöqteyi-nəzərindən də uğurlu platforma olduğunu deyən ekpert onu da qeyd edib ki, xarici dil bölmələrində Azərbaycan mədəniyyətinə, tarixinə, ədəbiyyatına və mövzulara aid məqalələr yaradılarsa, bu həm də ölkə haqqında xarici oxuculara məlumatların çatdırılması deməkdir. O, bunun həlli üçün xarici nüfuzlu dərgilərdə çap olunan akademik, elmi mənbələrdən istifadə edilməli olduğunu deyib.

Mission News Theme by Compete Themes.