Son yeniləmə: 16 Fevral 2023 19:48
BAYRAQDAR MEDİA – Kahramanmaraşda baş verən zəlzələlərdən sonra fevralın 15-də qardaş Türkiyənin səkkiz televiziya kanalı zəlzələdən zərər çəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım reallaşdırıb.
“Türkiyə tək ürək” adlı ortaq yayım ATV, FOX, Kanal D, Kanal 7, Show TV, Star TV, TRT 1 və TV8 telekanalları tərəfindən təşkil olunub. Azərbaycan və KKTC telekanallarının da qoşulduğu kampaniyada məqsəd Kahramanmaraş, Hatay, Adıyaman, Qaziantep, Adana, Osmaniye, Malatya, Diyarbakır, Şanlıurfa və Kilis vilayətlərində zərərçəkənlərə yardım etmək olub.
Kampaniya zamanı yığılan 108 milyard 663 milyon 563 min lirə AFAD-ın və Türkiyə “Qızıl ay” cəmiyyətinin hesabına köçürülüb.
Bu arada Kırım Haber Ajansı Doğu Türküstan QHT-ləri Beynəlxalq Birliyinin də kampaniyada iştirkak etdiyini xəbər verib. Bildirilib ki, qurum uyğur türkləri adından 1 milyon türk lirəsi yardım edib.
Bu həftənin sonuna qədər uyğur türklərindən ibarət qruplar vasitəsilə zəlzələ bölgələrinə 7 milyon lirəlik humanitar yardımın çatdırılacağı da bildirilib.