BAYRAQDAR MEDİA – Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində ehtiyat zabit və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kurslarının növbəti buraxılış mərasimləri keçirilib.
Müdafiə Nazirliyindən BAYRAQDAR MEDİA-ya fevralın 16-da verilən xəbərdə deyilir ki, “əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni ifa olunub. Mərasimlərdə çıxış edənlər kursu müvəffəqiyyətlə bitirmələri münasibətilə məzunları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar”.
Məlumata əsasən, məzunlar da öz növbələrində kurs müddətində qazandıqları bilik və praktiki vərdişləri xidmət yerlərində tətbiq edəcəklərinə, üzərilərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə söz veriblər.
Sonda məzunlara sertifikatlar təqdim edilib və xatirə şəkilləri çəkdirilib.