Press "Enter" to skip to content

Fars-molla rejimi zəlzələ imtahanından da kəsildi

Məcid Cavadi

Son yeniləmə: 16 Fevral 2023 16:26

Məcid Cavadi: Təbii fəlakətdən dərhal sonra vətəndaşının yanında olan Türkiyədən fərqli olaraq, İran vətəndaşlarını yardımsız və tək buraxdı

BAYRAQDAR MEDİA – “Təəssüflə olsa da bir həqiqəti dilə gətirməliyik. İran fars-molla rejimi zəlzələ məsələsində bir daha Güney Azərbaycana ögey münasibət göstərdiyini nümayiş etdirdi. Hətta vətəndaşlarının həyatı, canı mövzu olduğu bir zamanda İran rejimi məsələyə tamamilə siyasi və fars-miliyyətçi prizmasından yanaşdı”.

Bunu Xoyda baş verən zəlzələdən sonra İranın fars-molla rejiminin qeyri-insani davranışını dəyərləndirən Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi deyib.

BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında o, qeyd edib ki, Xoy zəlzələsi bir neçə məsələ baxımından diqqətdə oldu: “Birincisi, Xoya yardımlar çox gec gəldi. Gələn yardımlar da yetərincə olmadı. Zəlzələdən iki həftə keçsə də hələ bəzi vətəndaşlar soyuq qış günlərində çox yüngül yay çadırlarının içində qalıblar. İkincisi, Türkiyənin və Azərbaycan Respublikasının yardım təklifləri qəbul edilmədi. Amma dedilər ki, Ermənistandan 24 ton ədyal gətirilib. Sonra dedilər ki, Rusiya yardımlar edəcək. Amma bu yardımlar guya Ermənistan üzərindən ediləcək. Bununla belə, Ermənistandan gəldiyi iddia edilən 24 ton ədyalın ancaq bir dəfə şəklini paylaşdılar. Ancaq ədyalların hara getdiyi, kimə paylandığı hələ də məlum deyil. Rusiyadan gələn yardımların isə heç şəkli də dərc edilmədi. Digər tərəfdən, Rusiyanın yardımlarının niyə məhz Ermənistan üzərindən göndərilməsi də suallar yaradır. Çünki İkinci Qarabağ müharibəsində Rusiya Ermənistana yardımı məhz İran üzərindən edirdi. Bu cür suallar çoxdur”.

M.Cavadinin sözlərinə görə, ümumilikdə bütün bunlar onu göstərdi ki, İran Güney Azərbaycana müstəmləkə kimi yanaşır: “Hətta rejim Güney Azərbaycanlıların canını belə siyasi oyunlarına alət edir. Bir halda ki, bütün ölkələr öz vətəndaşlarına hər şeydən öncə sahib çıxmalıdırlar, İran da eyni addımı atmalıdır. Heç uzağa getməyək, biz son zəlzələdə Türkiyənin nümunəsində gördük. Türkiyə anında bütün dünyaya yardım çağırışı etdi. Zəlzələdən cəmi yarım saat sonra Türkiyənin müvafiq qurumları əraziyə gələrək vətəndaşın köməyinə çatdı. Bir sözlə, bu iki hadisənin fonunda deyə bilərik ki, təbii fəlakətdən dərhal sonra vətəndaşının yanında olan Türkiyədən fərqli olaraq, İran vətəndaşlarını yardımsız və tək buraxdı. Yəni fars-molla rejimi zəlzələ imtahanından da kəsildi”.

Mission News Theme by Compete Themes.