Hüseyn İbrahimov: “Qardaş Köməyi” Türkiyə-Azərbaycan qardaşlığının necə əzəmətli və sarsılmaz olduğunu göstərir
BAYRAQDAR MEDİA – “Qardaş Türkiyədə fevralın 6-da baş verən dəhşətli zəlzələ Azərbaycanda da hər kəsi üzdü. Zəlzələdən cəmi bir neçə saat sonra başda Prezident İlham Əliyev olmaqla Azərbaycan dövləti və xalqı qardaş ölkəyə yardım üçün səfərbər olundu. Təbii ki, Azərbaycanın müxtəlif QHT-ləri, ictimaiyyət nümayəndələri, həmçinin, elm və sənət adamları da bu prosesə fəal şəkildə qoşulublar”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Sosial-Mədəni Dəyişikliklərin Öyrənilməsi” İctimai Birliyinin sədri, fəlsəfə elmləri doktoru Hüseyn İbrahimov deyib.
O, qeyd edib ki, zəlzələdən dərhal sonra Bakıda yaradılan “Qardaş Köməyi” Platforması qısa zaman ərzində bütün Azərbaycanı əhatə etdi: “Bu Platformanın başlatdığı yardım kampaniyası Azərbaycanda çox mütəşəkkil şəkildə davam edir. Bütün yaş qruplarından olan insanların iştirak etdiyi bu kampaniya Türkiyə-Azərbaycan qardaşlığının necə əzəmətli və sarsılmaz olduğunu göstərir. Bu, qardaşlığımızın bir millət iki dövlət fəlsəfəsinə söykəndiyini bir daha təsdiq edir”.
H.İbrahimov həmçinin, “Azərbaycan və Türkiyə xoş gündə də, dar gündə də birlikdə olub, bu gün də birlikdədir. Bu gün Azərbaycan vətəndaşları qardaş Türkiyəyə yardım üçün ayaqdadır. Bu çox təqdirəlayiq bir hadisədir. Biz də həm QHT təmsilçiləri, həm də elm adamları olaraq bu günlər qardaşlarımızı tək buraxmırıq. Mən təbii fəlakət zamanı dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralanananlara şəfa diləyirəm. Türkiyəli bacı-qardaşlaırmız bilsinlər ki, onların dərdi bizim dərdimizdir. Birlikdə bu dərdə sinə gəlməliyik. Əminəm ki, əl-ələ verib bu sınaqdan da üzüağ çıxacağıq” deyib.