Son yeniləmə: 15 Fevral 2023 18:24
Yaxud yardım məntəqəsində müşahidə etdiklərimiz
BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə fevralın 6-da baş verən dəhşətli zəlzələ bütün dünyada kədərlə qarşılandı. Eyni zamanda, ilk olaraq məhz Azərbaycan qardaş ölkənin köməyinə çatdı. Elə fəlakətdən dərhal sonra Azərbaycanda Türkiyəyə dəstək məqsədilə “Qardaş Köməyi” Platforması yaradıldı.
Məlumat üçün bildirək ki, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, həmçinin, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin Azərbaycan şöbəsi (MÜSİAD Azərbaycan), Gəncliyə Yardım Fondu (GYF), Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB), Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), eləcə də bir sıra ictimai birliklərin iştirakı ilə təsis olunmuş “Qardaş Köməyi” Platforması çərçivəsində bu günə kimi Türkiyəyə çeşidli yardımlar göndərilib.
Eyni zamanda proses hazırda da davam edir. Platformanın təşəbbüsü ilə Azərbaycanın bir sıra yerlərində, o cümlədən Bakıda yardım toplama məntəqələri yaradılıb. Belə məntəqələrdən biri də Aqro Terminalda (Salyan şosesi, 22) yerləşir. BAYRAQDAR MEDİA olaraq biz də hər gün müxtəlif təşkilatların, iş adamlarının, QHT təmsilçilərinin, sadə vətəndaşların, həmçinin, millət vəkillərinin yardım etdiyi və dəstək üçün baş çəkdiyi məntəqədə işlərin gedişi ilə tanış olduq.
Öncə onu qeyd edək ki, məntəqədə böyük qələbəlik var idi. Müxtəlif yaş qruplarından olan insanlar yardımların çeşidlənməsi üçün könüllü kimi prosesə qoşulmuşdu. Onların arasında Bakı Maarif Məktəbinin şagirdləri də var idi. Türkiyədəki bacı-qardaşlarının yarasına məlhəm olmaq üçün məntəqədə görülən işlərə könüllü kimi qatılan bu şagirdlər, əslində, bununla qardaşlığın dönməz olduğunu bir daha dünyaya nümayiş etdirirlər.
Lakin bu heç də ilk hal deyil. Həmsöhbət olduğumuz “Qardaş Köməyi” Platformasının rəhbəri Rəşad Cabirli dedi ki, fəaliyyətə başladıqları gündən Bakının müxtəlif məktəblərinin şagirdləri, ümumiyyətlə, 7-dən 77-yə hər kəs bacara bildiyi işi görmək, bacara bildiyi dəstəyi vermək üçün bura gəlir: “Bura hər saat insanlar gəlir. Eyni zamanda məktəblilər də gəlib, öz dəstəklərini verirlər. Bu, bizi çox qürurlandırır”.
Bu məqamda bir məsələni də vurğulamağı vacib bilirik. Sözügedən Platformanın həm formalaşmasında, həm də sonrakı işində QHT-lər də yaxından iştirak edirlər. Bunu isə həmsöhbət olduğumuz, Platformanın təsisçilərindən biri, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli dedi. Onun sözlərinə görə, bu, artıq mütəmadi hal alıb: “Elə bu gün də proses davam edir. Misal üçün deyim ki, bu gün “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin, “Sosial-Mədəni Dəyişikliklərin Öyrənilməsi” İctimai Birliyinin və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təmsilçiləri məntəqədə olublar”.
Həmçinin, məntəqədə olduğumuz bir saat ərzində ayrı-ayrı təşkilatlardan və sadə vətəndaşlardan qardaş Türkiyədə zəlzələdən zərərçəkənlər üçün yardımların gətirildiyinin şahidi olduq. Yardım gətirənlər arasında millət vəkili Qənirə Paşayeva da vardı.
Məntəqədə prosesin gedişi ilə bağlı məlumat alan millət vəkili, həmçinin, elə oradan Azərbaycan xalqına və türk dünyasına canlı videomüraciət etdi. O, müraciətində qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara dəstək verənlərə bir daha təşəkkür etməklə yanaşı, AFAD-ın yenilənən tələbat və ehtiyaclar siyahısında göstərilən məhsullarla daha çox dəstək verməyə çağırdı.
Beləliklə, bu məntəqədə olarkən bir daha əmin olduq ki, tarixin ağır sınaqlarından üzüağ çıxan Türkiyə-Azərbaycan qardaşlığı növbəti imtahanı da uğurla verdi. Təbii fəlakətdən dərhal sonra başda Prezident İlham Əliyev olmaqla, Azərbaycan dövləti və xalqı qardaş üçün səfərbər olundu. Bu səfərbərlik hazırda da davam edir. Azərbaycanın hər yerində yardımlar toplanır, bu zaman həm də qardaşlığın yeni bir dastanı yazılır.