Son yeniləmə: 15 Fevral 2023 10:02
Naqif Həmzəyev: Türkiyə dövləti və xalqı birlik, bərabərlik içərisində bu ağır günləri də arxada qoyacaq
BAYRAQDAR MEDİA – “Çox təəssüflər olsun ki, qardaş Türkiyədə təbii fəlakət, zəlzələ baş verdi. Bu zəlzələ nəticəsində çoxlu sayda insan həlak olub, xeyli yaralı var. Türkiyə iqtisadiyyatına çox böyük ziyan dəyib”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
O, qeyd edib ki, qardaş ölkə müxtəlif dövrlərdə bu cür ağır sınaqlarla baş-başa qalıb: “Amma Türkiyə bütün bu sınaqlardan uğurla çıxıb. Əminik ki, qardaş ölkə bu sınaqdan da üzüağ çıxacaq. Türkiyə dövləti və xalqı birlik, bərabərlik içərisində bu ağır günləri də arxada qoyacaq”.
N.Həmzəyev onu da bildirib ki, hər zaman xoş gündə də, dar gündə də bir-birinə dəstək olan iki ölkənin qardaşlığı bu dəfə də dünyaya nümunə oldu: “Azərbaycan dövləti və xalqı hadisədən dərhal sonra qardaş Türkiyəyə öz dəstəyini verdi. Prezident İlham Əliyevin göstərişi ilə peşəkar xilasedici heyət, xüsusi tibbi heyət, həmçinin, ərazidə qurulmaq üçün səhra xəstəxanaları dərhal Türkiyəyə göndərildi. Bununla yanaşı Azərbaycan dövləti qardaş ölkəyə qida, lazımi avadanlıqlar və vasitələrin olduğu yardım təyyarələrini göndərdi. Bu gün də proses davam etməkdədir. Ümumiyyətlə, fevralın 20-dək hər gün bu cür yardım təyyarələri Türkiyəyə göndəriləcək. Bununla yanaşı, Azərbaycan vətəndaşları da dövlətin yanında oldular. Kimin gücü nəyə çatırsa, yardım etdi”.
Deputat əlavə edib ki, bu məsələdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da ön sırada gedir: “Məlum olduğu kimi, Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşım edən Mehriban xanım, həmçinin, zəlzələdən zərər çəkənlərə yardım göndərilməsi üçün müvafiq tapşırıqlar verib. Artıq həmin yardımlar qardaş ölkəyə çatdırılıb. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu vasitəsilə Türkiyəyə çoxlu sayda zəruri avadanlıqlar, enerji generatorları, qida məhsulları və s. göndərilib. Bununla yanaşı Fond tərəfindən başlanan yardım kampaniyasında sadə vətəndaşlar, bir sıra qurumlar və özəl şirkətlər yaxından iştirak edirlər”.
N.Həmzəyevin sözlərinə görə, ümumilikdə Prezident İlham Əliyevin təşəbbüsü və göstərişi ilə başlayan yardım kampaniyası bu gün bütün Azərbaycanı əhatə edir: “Yuxarıda da qeyd etdiyim kimi, Türkiyə-Azərbaycan qardaşlığı bu sınaqdan da üzüağ çıxdı. Türkiyəyə ən geniştərkibli yardım heyəti göndərən məhz Azərbaycandır. Azərbaycan bir daha sözdə deyil, əməldə Türkiyənin yanında olduğunu göstərdi. Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər etdi. Həmçinin, Fövqəladə Hallar Nazirliyinin rəsmiləri Türkiyədədir. Azərbaycan Gənclər Fondunun rəhbəri başda olmaqla Azərbaycan könüllüləri qardaş ölkəyə yollanıb. Bütün bunlar isə qardaşlığımızın dönməz və əbədi olduğunu bir daha göstərir”.