Son yeniləmə: 15 Fevral 2023 18:23
Rəşad Cabirli: Bu kampaniya qısa müddət ərzində bir platforma çərçivəsindən çıxıb bütün Azərbaycanı əhatə etdi
BAYRAQDAR MEDİA – “Fevralın 6-da qardaş Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra biz “Qardaş Köməyi” Platformasını ilk olaraq 15-ə yaxın QHT və iş adamları ilə birlikdə təsis etmişdik. Hədəf iş adamlarını və QHT təmsilçilərini bir arada toplayıb Türkiyəyə əlimizdən gələn dəstəyi vermək idi. Amma bu kampaniya qısa müddət ərzində bir platforma çərçivəsindən çıxıb bütün Azərbaycanı əhatə etdi. Bu gün Azərbaycanda 7-dən 77-yə hər kəs bu kampaniyada yaxından iştirak edir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Qardaş Köməyi” Platformasının rəhbəri Rəşad Cabirli deyib.
Onun sözlərinə görə, kampaniya çərçivəsində Azərbaycanın bütün bölgələrindən xalq tərəfindən toplanan yardımlar Türkiyəyə göndərilir: “Hər kəs Türkiyədəki bacı-qardaşlarına bir an öncə dəstək vermək üçün səfərbər olunub. Fəaliyyətimiz hər keçən gün daha da gücləndirilmiş şəkildə davam edir”.
R.Cabirli BAYRAQDAR MEDİA vasitəsilə bir çağırış da edib: “Bütün vətəndaşlardan, iş insanlarından bir xahişimiz var. Biz istər Azərbaycan, istərsə də Türkiyə dövlət qurumları ilə koordinasiyalı şəkildə çalışdığımız üçün Türkiyədən bizə gələn ehtiyaclara uyğun yardımlar toplayırıq. Xalqımız bizim sosial media hesablarımızı, elan və çağırışlarımızı izləyərək ehtiyaca uyğun yardım etsin”.
R.Cabirli sonda, “bir sözlə, “Qardaş Köməyi” çətin günlərin qardaşlığının şüarıdır. Bu Platforma ətrafında hər kəs toplanıb. Hətta orta məktəb şagirdləri də bura gələrək yardımların çeşidlənməsi və toplanmasında yaxından iştirak edirlər. Bu, Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığının daha bir nümunəsidir” deyib.