BAYRAQDAR MEDİA – “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) törəmə şirkətiolan “AzerBlast” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən Gəncə şəhərində ölkəmizdə ilk dəfə olaraq sənaye əhəmiyyətli partlayıcı maddələr istehsal edəcək zavodun inşasına başlanılıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 15-də qurumdan məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 5 min 665 kvadratmetr olan istehsal müəssisəsi regionların sosial-iqtisadi inkişafına dair dövlət siyasətinə uyğun olaraq Kəpəz rayonunda,15 hektar ərazidə inşa edilməkdədir: “İllik istehsal gücü 31 min ton həcmində qiymətləndirilən zavodun inşasının cari ilin sonunadək tamamlanaraq istifadəyə verilməsi nəzərdə tutulub. Müasir istehsalat texnologiyaları əsasında qurulacaq müəssisədə,xüsusilə dağ-mədən və inşaat sənayesində istifadə olunan partlayıcı növləri H-ANFO, ANFO-nun istehsalı həyata keçiriləcəkdir”.
Məlumata görə, ilkin mərhələdə ölkə üzrə cari təlabata uyğun olaraq aylıq 500 ton, illik 6 min ton partlayıcı maddənin istehsalı planlaşdırılır: “Növbəti illər üzrə artan tələbata uyğun istehsal həcminin də artırılması, sonrakı mərhələdə isəməhsulların xarici bazarlara çıxarılması ilə ölkəmizin qeyri-neft ixracatına töhfə verilməsi hədəf olaraq müəyyənləşdirilib. Layihənin əsas məqsədi mədənlərdə həyata keçirilən hasilat prosesi və digər sənaye sahələrində istifadə olunan mülki partlayıcı maddələrə tələbatın ödənilməsi, dağ-mədən, həmçinin tikinti müsəsisələrinin fasiləsiz tədarük zəncirinin təmin edilməsi ilə idxaldan asılılığın aradan qaldırılması, eyni zamanda regionda yeni iş yerlərinin yaradılmasıdır”.
Qeyd edilib ki, “AzerBlast” MMC dövlət-özəl sektor tərəfdaşlığı modeli əsasında təsis edilərək, 9 mart 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb: “MMC “AzerGold” QSC-nin sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşmış törəmə cəmiyyətidir. Şirkətin ümumi paylarının 51 faizi “AzerGold” QSC-yə, 49 faizi “DM Servis” MMC-yə məxsusdur”.