BAYRAQDAR MEDİA – Fevralın 14-də Prezident İlham Əliyev Rusiyalı həmkarı Vladimir Putinə zəng edib.
Xəbəri günün sonunda Prezidentin Mətbuat xidməti yayıb.
“Telefon söhbəti zamanı iqtisadi-ticari əməkdaşlığın, o cümlədən energetika və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivləri geniş müzakirə olunub”, – deyə xəbərdə bildirilir.
O da qeyd edilir ki, tərəflər Güney Qafqaz bölgəsində cari vəziyyət barədə də ətraflı fikir mübadiləsi aparıb: “Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədilə ardıcıl tədbirlərin görülməsinin əhəmiyyəti qeyd edilib. Bu kontekstdə Rusiya, Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə əldə olunmuş müvafiq razılaşmaların qeyd-şərtsiz yerinə yetirilməsinin vacibliyi vurğulanıb”.
Prezidentlər təmasların müxtəlif formatlarda davam etdiriləcəyini qeyd ediblər.
Əlavə edək ki, İ.Əliyev fevralın 14-də – bu telefon danışığından öncə Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi də qəbul edib.